Dodaq xərçəngi
Statistikaya əsasən, dodaq xərçəngi bütün bədxassəli şişlər arasında kişilərdə 2%, qadınlarda isə 0.5% təşkil edir. Bundan başqa, xəstəlik qadınlarda 70, kişilərdə isə 60 yaşında sonra əmələ gəlir.
85-90% hallarda dodaq xərçəngi dodağın alt mərkəzi hissəsində yerləşir və çox vaxt bu yastıhüceyrəli olub, buynuzlaşmaya məruz qalan xərçəng növüdür.
Dodaq xərçənginə səbəb olan faktorlardan aşağıdakıları göstərmək olar:
- Kanserogen maddələrin təsiri
- Zərərli vərdişlər (siqaret və spirtli içkilərdən istifadə etmək)
- Metereoloji faktorların təsiri (külək, temperatur, günəş radiasiyası)
- Dodaqların müxtəlif növ travmaları
- Dodaqların virus, göbələk və iltihabi proses nəticəsində əmələ gələn “qırmızı haşiyə”
- Mədə- bağırsaq traktının, qaraciyərin müxtəlif xəstəlikləri, A, C, E vitaminlərinin çatmazlığı
Klinik şəklinə gəldikdə isə dodağın üzərində qalın mütəkkəyəbənzər bir törəmə əmələ gəlir. Şiş böyüdükcə onda dağılma prosesləri güclənir və bu nahiyə bir növ infeksiya mənbəyinə çevrilmiş olur. Metastaz və limfatik düyünlər isə 10% hallarda boğazaltı və çənəaltı nahiyədə əmələ gəlir.
Diaqnoz və müalicə. Diaqnoz klinika, biopsiya və yaxmanın nəticəsinə və boyun limfa düyünlərinin USM müayinəsinə əsasən qoyulur.
Müalicə xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Şüa terapiyası, kimyəvi terapiya və cərrahi müalicə tətbiq olunur.
Statistikaya əsasən, dodaq xərçəngi III və IV mərhələlərdə aşkarlanır. Belə vəziyyətdə də müalicə effektsiz, proqnoz isə daha pis olur. |