Hamiləliyin planlaşdırılması
Hamiləliyin planlaşdırılması bu günkü gündə adi haldır. Lakin çox vaxt bilavasitə mayalanmadan öncə qadına verilməsi təklif edilən analizlərin sayı məntiqə sığmır. Onların hamısı lazımdırmı?
Bəzi həkimlər qanda mikroelementlərin miqdarını yoxlamağı, digərləri TORCH-komleksi ilə məhdudlaşmağı, üçüncülər mövcud bütün cinsi infeksiyalara görə analizlərin verilməsini məsləhət görürlər.
Son zamanlar hamilələrin və hamilə olmaq istəyənlərin orta yaşı 27-30 təşkil edir. Qadınlar gec uşaq dünyaya gətirir və bu məsələni dərk edirlər. Və bu çox gözəldir, çünki planlaşdırılmış hamiləlik həmişə daha rahat keçir, nəinki spontan, belə ki, düzgün hazırlıq ( vitamin defisitinin aradan qaldırılması, müayinə, meyilliklərin və qeyri-əlverişli vəziyyətlərin aşkarlanması, ola biləcək xəstəliklərin diaqnostikası və onların korreksiyası ) hamiləlik müddətində yaranan bir çox ağırlıaşmaların qarşısının alınmasına imkan verir.
Elə bir vəziyyətlər var ki, onları əvvəldən aşkarladıqda, hamiləliyin gedişinə zərərli təsirini tamamilə aradan qaldırmaq olar. Məsələn:məxmərəyə qarşı immunitetin olmaması. Qadın hamiləlik dövründə yoluxarsa, bir qayda olaraq,(50% hallarda) bu,dölün bətndaxili inkişaf qüsurları ilə nəticələnir. Lakin, əvvəldən ( 3 ay əvvəl) cəmi bir peyvənd etməklə, özünün və gələcək uşağının bütünlüklə təhlükəsizliyini təmin etmiş olur.
Digər qarşısı alına bilən vəziyyət–yod çatışmazlığıdır. Gündəlik hamiləliyə qədər 150mkq, hamiləlik müddətində 200mkq kaliy yodidin qəbul edilməsi bu problemi tamamilə həll edir. Yod çatışmazlığı nəticəsində: hamiləliyin pozulması, dölün bətndaxili tələf olması, uşaqda əqli zəiflik və s. kimi ağıraşmaları ola bilər.
Elə vəziyyətlər var ki, qarşısını almaq olmur, lakin, vaxtında aşkarlanması və korreksiyası (hamiləliyə qədər və ya erkən dövrlərdə)hamiləliyin saxlanılması və sona çatdırılmasına imkan verir. Məsələn, antifosfolipid sindrom, hiperandrogeniya (kişi cinsi hormonlarının səviyyəsinin artması), müxtəlif endokrinopatiya ( şəkərli diabet, qalxanvari vəzinin xəstəlikləri ).
Analıq sevinci barədə uşaq sağlam doğulduqdan sonra danışmaq olar. Bunun üçün uşaq dünyaya gətirmək istəyinə ciddi yanaşmaq lazımdır.
Beləliklə, yaxın zamanda hamilə qalmağı planlaşdıran qadın nə etməlidir?
- Ginekoloqa müraciət etmək. Həkim baxış aparmalı, kolposkopiya və sitoloji yaxma vasitəsilə uşaqlıq boynunun vəziyyətini qiymətləndirməlidir. Həmçinin əmin olmaq lazımdır ki, sizdə kiçik çanaq orqanlarının infeksion-iltihabi xəstəlikləri yoxdur. Bunun üçün aşağıdakı analizləri vermək lazımdır: cinsi yolla ötürülən infeksiyalara görə (xlamidiya, mikoplazma, ureaplazma, sitomeqalovirus, herpes, ....)PZR-analiz və uşaqlıq yolundan floraya görə əkmə, antibiotiklərə həssaslığın təyini. Əgər infeksiya və iltihabi proses aşkarlanarsa, bu anda hamilə qalmaq olmaz. Müalicə olunduqdan və analizlər mənfi olduqdan sonra–arzunuza doğru yaşıl işıq. Infeksiyalara qarşı analizləri təkcə sizin deyil, yoldaşınızın da verməsi məsləhətdir.
- Siklin 5-7 və 21-23-cü günlərində kiçik çanaq orqanlarının USM-si. Birinci halda kiçik çanaq orqanlarının ümumi vəziyyəti, ikinci halda –sarı cismin olub olmaması (ovulyasiya baş veribmi) və endometriyanın transformasiyası qiymətləndirilir.
- Qanda hormonlar. Siklin birinci ( menstrual siklin 5-7-ci günləri )və ikinci ( menstrual siklin 21-23-cü günləri ) fazalarında (TTH, T3, sərbəst T4, LH, FSH, PH, T, estradiol, ...., 17-OH ).
- Hemostazioqramma, koaquloqramma–qanın laxtalanma xüsusiyyətləri.
- Qanın biokimyəvi analizi.
- Qadın və kişinin qan qrupu və rezus faktorunu müəyyən etmək. Qadının qanı rezus-mənfidirsə, kişininki rezus-müsbətdirsə və rezus-antitellərin titri yoxdursa, planlaşdırılan hamiləlikdən qabaq rezus immunizasiya aparılmalıdır. Əgər rezus-antitellər aşkar edilərsə (miqdarca ifadə edilmiş), onda hamiləlik müddətində titrin artımını izləmək lazımdır. Əgər qadında I qan qrupudursa, yoldaşında isə hər hansı digəridirsə, onda hamiləlik müddətində ayda bir dəfə olmaqla qrup antitellərinə görə qan analizi vermək lazımdır.
- Qurdeşənəyi antikoaqulyantının, fosfolipidlərə, kardiolipinə, xorionik qonadotropinə qarşı antitellərin təyin edilməsi–bunlar dölün düşməsinə səbəb olan faktorlardır.
- Qanın ümumi klinik analizi.
- Sidiyin ümumi analizi.
- Stomatoloqun konsultasiyası-stomatoloji problemlərin hamiləlikdən kənar həlli üçün. Əgər dişlərlə problem hamiləlik zamanı meydana çıxarsa, ehtiyac olduğu halda rentgen müayinəsi aparılmayacaq, bundan başqa həkimlər dərman preparatlarının seçiminə məhdudiyyət qoyacaqlar.
- TORCH-kompleks–döl üçün təhlükəli olan infeksiya qrupu: məxmərək, toksoplazmoz, herpes, sitomeqalovirus infeksiyası və s. Bunlaradn hər hansısının “hamilə” qadında olması–hamiləliyin pozulmasına birbaşa göstərişdir. Hamiləliyə qədər toksoplazma, sitomeqalovirus, xlamidiya, herpes və məxmərək törədicisinə qarşı antitelləri–miqdar analizi ( titrlə) təyin etmək lazımdır. Ig G-nin olması bu infeksiyalara qarşı immunitetin olmasını göstərir və hamiləliyə əks göstəriş deyil. Ig M-in olması xəstəliyin kəskin mərhələdə olduğunu göstərir–bu halda hamiləlik planlaşdırılması sağalana kimi təxirə salınmalıdır. Məxmərəyə qarşı Ig G antitelləri olmadığı halda peyvənd etmək lazımdır. Valideyinlərinizdən məxmərək keçirib keçirməməyiniz barədə soruşmayın, dəqiq bunu bilmək olmaz–xəstəlik KRX kimi maskalana bilər və əksinə. Dəqiq informasiyanı yalnız antitellərə qarşı qan analizi verə bilər. Məxmərəyə qarşı peyvənd–diridir, immunitet 2-3 ay ərzində yaranır, bu müddət ərzində ciddi qorunmaq lazımdır. Hamiləliyin erkən dövrlərində təsadüfi peyvənd edilən zaman hamiləliyi pozmaq lazım deyil–peyvənd ştammı döl üçün təhlükəsizdir. İmmuniteti olmayan hamilə qadının həqiqi xəstə olanlardan fərqli olaraq, yenicə peyvənd olunmuş insanla, həmçinin uşaqla ünsiyyəti də təhlükəsizdir. Sitomeqalovirus infeksiyası aşkarlandıqda virus əleyhinə müalicə, bəzi hallarda isə immunizasiya aparılmalıdır. Bu infeksiya çox təhlükəlidir. Belə ki, hamiləliyin gedişində və dölün inkişafında müxtəlif kənara çıxmalara səbəb olur–dölyanı mayenin çoxluğu, hidrosefaliya, hepatomeqaliya, hamiləliyin pozulması, dölün bətndaxilində tələf olması və s.
- Qanın İİV, hepatit B, hepatit C, RW-yə görə analizi.
Sonda ana olmağa hazırlaşan bütün qadınlara arzu etmək istəyirik: sevin və etibar edin—öz orqanizminizə, yoldaşınıza, gələcək uşağınıza, həkiminizə, qismətinizə. Hər şey məhz sizdə nə vaxt və necə olmalıdırsa, o vaxt və elə olacaq.
|