Dağıntılar zamanı uzunmüddətli sıxılma sindromu
Fövqəladə hadisələr baş verdikdə insanların xilas edilməsi çox zaman vaxtında, məqsədyönlü surətdə aparılan ilk tibbi yardımdan asılı olur. Bəzi hallarda lazımi məlumatın olmaması zərərçəkmiş insanların həyatı üçün təhlükəli olan ağırlaşmalara səbəb olur. Bu isə dağıntı zamanı ölüm faizinin artmasına səbəb olur.
Dağıntılar zamanı meydana çıxan travmalardan biri də uzunmüddətli sıxılma sindromu-Kraş sindromudur.
Kraş sindromu -uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının (əzələ, piy qatı, dəri) zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmasına səbəb muxtəlif travmalar ola bilər. Daha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı baş verən dağıntılarda, inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir. Ağır mexaniki qüvvə tərəfindən sıxılan yumşaq toxumada əzilmə, dağılma baş verir. Meydana çıxan ağrı zərərçəkmişin sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozuntular yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar olur. Sıxılma müddəti uzandıqca sıxılmış toxumaların qan təminatı azaldığı üçün məhv olmağa başlayır. Nəticədə zədə nahiyyəsində zəhərli maddələr yaranır. Zədələnmiş şəxs dağıntı altında belə bir vəziyyətdə uzun müddət yaşaya bilər. Şəxsi dağıntıdan azad etdikdə zədə nahiyyəsindən zəhərli maddələr toplam surətdə qana sorulmağa başlayır ki, nəticədə həyati vacib orqanlar (ürək, böyrəklər, beyin, qaraciyər) zədələnir. Belə şəxslər çox zaman erkən travmatik şokdan, sonralar isə böyrək çatışmazlığından vəfat edir. Kraş sindromunun müalicəsi çətin və az effektivdir. Belə xəstələrin 40%-dən çoxu ölür.Zədələnmə zonası nə qədər genişdirsə xəstəliyin əlamətləri də bir o qədər ağır olur.
Eyni zamanda vəziyyətin ağırlığına və xəstənin proqnozuna həm də sıxılmanın müddəti təsir edir:
- yüngül hal-zədələnmiş şəxs dağıntı altında 4 saatdan az qaldıqda;
- orta ağır hal-6 saat qaldıqda;
- ağır hal-6-8 saat qaldıqda;
- çox ağır hal-8 saatdan çox qaldıqda. Letallıq dərəcəsi isə belədir:
- 4-8 saat dağıntı arasında qalan hər 10 şəxsdən biri;8 saatdan çox qalan hər 10 şəxsdən yarısı ölür.
Xəstəliyin ilk 2-3 günü ərzində ağrı ilə əlaqədar travmatik şok əlamətləri olur: ağrı, arterial təzyiq aşağı düşür, tənəffüs, nəbz tezləşir, xəstədə oynaqlıq olur. 3-5-ci günlərində nisbi yaxşılaşma qeyd edilir. 4-7 gündən sonra sinir sistemi, böyrəklər zədələnir. Sonuncu dövrdə isə xəstənin zədələnmiş ətrafında güclü ağrılar, qanqrena, böyrək çatışmazlığı baş verir.
Gəlin daha ətraflı ilk həkiməqədər yardım üzərində dayanaq.
Kraş sindromu zamanı ilk yardım kompleksşəkildə aparılır: 1) Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi; 2) Elastik kompressiya, zədələnmiş nahiyyənin soyudulması, ətrafların immobilizasiyası; 3) Travmatik şok əleyhinə tədbirlər; 4) Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması.
Zərərçəkənin dağıntıdan azad edilməsi qarşılıqlı köməklə edılır. Buna görə də təhlükə olan zonalarda ilk yardıma aid məlumatlandırılmanın əhəmiyyəti böyükdür. İlkin növbədə zərərçəkmişə məqsədyönlü yardım göstərmək üçün soyuqqanlı və diqqətli olmaq lazımdır. Yardım göstərərkən şəxsin dağıntı altında qalma müddətini bilmək vacibdir. Bu onun vəziyyətinin ağırlığına və xəstəliyin proqnozuna təsir edir. Zərərçəkəni dağıntı altından ehtiyatla azad etdikdən dərhal sonra zədələnmiş ətraflara damarsıxıçı jqut qoyulur. Jqut olmadıqda əl altında olan vasitələrdən istifadə edilir. Jqutun qoyulması zədələnmiş nahiyyədən zəhərli maddələrin geri qayıtmasının qarşısını alır. Düzgün qoyulan jqut zədələnmış ətrafda şişkinliyin (ödemin) azalmasına səbəb olur. Eyni zamanda qoyulmuş jqut qanaxma təhlükəsini aradan qaldırır.
Zədələnmiş ətrafda şişkinliyin aradan götürülməsi üçün elastik kompressiyadan istifadə edilir. Zərərçəkən dağıntı altından çıxarıldıqdan dərhal sonra elastik bintin köməyi ilə barmaqlarından başlayıb mərkəzə doğru tamamilə bintlənir. Elastik bint qansaxlayıcı jquta nisbətən yüngül, sərbəst bağlanır.
Zərərçəkənin immobilizasiyası ilk yardım göstərən zaman böyük əhəmiyyətə malikdir. İmmobilizasiya zədələnmiş ətrafın (əlin və ya ayağin) şinalardan istifadə etməklə tam hərəkətsizləşdirilməsi deməkdir. Hətta sınıq olmadıqda belə immobilizasiya mükəmməl aparılmalıdır. Düzgün aparılan immobilizasiya zərərçəkmişin daşınılması zamanı ağrını azaldır, zəhərli maddələrin qana sorulmasını ləngidir, şişkinliyin intensivliyini azaldır. Bu isə şokun inkişafının qarşısını alır. İmmobilizasiya üçün standart şinalardan- Dixteriksin ağaç şinası, Kramer şinası, plasmas şinalardan istifadə edilir. Son illər ətrafın bərabər kompressiyası və immobilizasiyası üçün hava ilə doldurulan şinalardan istifadə edilir. Xüsusən təhlükəli iş zonalarında standart şina ehtiyyatı olmalı və işçilər onun istifadə qaydalarını bilməlidir. Şinalar möhkəm əşyalardan hazırlanır. Hazır şina olmadıqda, əl altında olan cürbəcür taxtalardan, budaqdan, kartondan da şina kimi istifadə etmək olar. Onu mütləq hadisə yerində və ehtiyatla qoymaq lazımdır, çünki ancaq şina qoyulduqdan sonra xəstə bir yerdən başqa yerə aparıla bilər. Yumşaq olmaq üçün şinanın altına çoxlu pambıq, tənzif, o olmadıqda isə paltar qoyulur və bərk sarınır. Şinanın uzunluğu iki oynağı (biri zədədən yuxarı, o biri aşağı) tutacaq qədər olmalıdır. Şina düzgün qoyulduqda ağrı kəsilir.
İlk yardım kompleksinə yerli hipotermiya - soyudulma da daxildir. Yerli hipotermiya zədələnmiş nahiyyənin soyudulmasıdır. Bu nə məqsədlə edilir? Zədələnmiş toxumalar soyudulduqda onlarda maddələr mübadiləsinin intensivliyi aşağı düşür, oksigenə təlabat azalır. Bu səbəbdən qan təminatı müvəqqəti dayanmış və dağılmamış yumşaq toxumalar məhv olmur, bundan başqa hipotermiya ətraflarda şişkinliyi azaldır, ağrını zəiflədir. Yayda yerli hipotermiyanı aparmaq çətindir, belə halda soyuq suda isladılmış dəsmallardan istifadə edilir. Qışda isə qarla doldurulmuş paketlər zədələnmiş nahiyyəyə qoyulur. Bud və baldır nahiyyələrınə 4-6 belə paket tələb olunur. Paketlər ətrafın üstünə və yanlarına düzülür, belə olan surətdə soyudulma 2-4 gün müddətində aparılmalıdır. Sıxılma sindromu zamanı soyudulma fasiləsiz aparılmalıdır. Zərərçəkmiş azad edildikdən dərhal sonra başlayıb ilk yardım göstərilən zaman və zərərçəkmişin daşınması zamanı davam etdirilməlidir.
Cəld göstərilən ilk yardım, düzgün immobilizasiya, yerli soyudulma travmatik şokun inkişafını ləngidir. Zərərçəkmişdə ümumi agrısızlaşdırma aparılır. Yadda saxlamaq lazımdır ki, vaxtında və düzgün aparılan ilk yardım xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır. Zərərçəkmiş ilk yardım göstərildikdən sonra yaxınlıqda olan xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. Kraş sindromunun müalicəsi xəstəxanada kompleks şəkildə aparılmalıdır.İlk yardım göstərilmədikdə, düzgün immobilizasiya aparılmadıqda zədələnmiş toxumalarda geniş və dərin məhv olma baş verir ki, bu da xəstənin ətrafında qanqrenaya və həyat üçün təhlükəli ağırlaşmalara səbəb olur. Unutmayaq ki, ilk tibbi yardım göstərməklə yaxınlarımızın,ətrafımızda olan insanların həyatını xilas edə bilərik.
http://fhn.gov.az |