İnformasiya aclığından əziyyət çəkməyən uşaq reklamla maraqlanmır
Valideyinlərin çoxunu bu məsələ narahat edir: “Oğlum (qızım) 9 aylıqdır (P.S. bu məsələ adətən 6 ayından başlayır). O, televizorda reklamlara baxmağı çox sevir. Baxarkən sözün əsl mənasında donub qalır və həmin anda nə ilə məşğul olduğunu unudur. Nə üçün cizgi filmləri və kinofilmlər deyil, məhz reklamlar ona belə təsir edir?”
Dərhal sizi sakitləşdirmək istəyirik - sizin uşağınız reklama ona görə baxmır ki, dil açan kimi orda gördüklərini sizdən istəsin. Onun reklama meyl etməsinin səbəbi başqadır.
Birincisi, doqquz aylığında uşağın diqqət fiksasiyası çox zəif olur - o, hər hansı bir şeylə uzun müddət, məsələn 3-5 dəqiqə maraqlana bilmir. İstənilən oyuncağı yarım dəqiqədən sonra tullayır ki, başqa bir şeylə məşğul olsun. Heç bir cizgi filmi və ya film bu qədər qısa müddət davam etmir. Reklam çarxları isə əksinə, məhz 20-30 saniyə davam edir. Sonra şəkil dəyişir və eyni zamanda uşağın diqqəti də başqa şeyə cəlb olunur. Bu cür kiçik süjetlərdən uşaq yorulmur və bunlar onu bezdirmir.
İkincisi, reklam çarxlarında demək olar ki, həmişə yüksək dinamika olur - hərəkətlər aktiv inkişaf edir, personajlar daim hərəkətdə olur. Sizin uşağınız hələ reklamın mətnini başa düşmür, ancaq çox böyük məmnuniyyətlə, pişik balasının ip bağlanmış konfet qabığını izlədiyi kimi bu hərəkətləri izləyir. Cizgi filmləri və kinofilmlər isə onu çox da maraqlandırmır - hələ ki, onlar üçün nə süjetin inkişafı, nə də ki, qəhrəmanların qarşılıqlı münasibəti maraqlı deyil. Cizgi filmlərinin çoxu isə artıq başa düşən uşaqlar üçün nəzərdə tutulub.
Üçünüsü, sizin uşağınızın hələki ətraf mühit haqqında konkret məlumatı yoxdur. O bilmir ki, cizgi filmlərinin əsas qəhrəmanları olan it, dovşan, ayı kimlərdir, tısbağa-nindzalardan və robotlardan danışmağa isə ehtiyac da yoxdur. Həyatının doqquz ayı ərzində o, yəqin ki, bir dəfə də olsun nə dovşan, nə də ayı balası görməyib, onun üçün bunlar yalnız abstrakt rəngli ləkələrdir. Məhz reklam onun üçün daha həyatidir, onlarda uşağa artıq tanış olan insanlar (kişi, qadın, uşaq) və əşyalar (tozsoran, televizor və ya...uşaq bezləri) var.
Dördüncüsü, reklam çarxları bir qayda olaraq yüksək keyfiyyətli lentlərdə çəkilir və onlar kifayət qədər rəngarəng olurlar. Bu isə uşağın diqqətini cəlb edir. Cizgi filmləri, xüsusən də kinofilmlərin yalnız az bir hissəsi bu xüsusiyyətlərə malikdir...
Doğrudanmı uşaq reklama baxmağa məhkumdur? Əsla yox. O, böyüyəndə müxtəlif obraz və məfhumları öyrənəcək, onlara verbal işarələri verəcək və o zaman onu cizgi filmləri maraqlandırmağa başlayacaq. Hələki həyacanlanmağa dəyməz. Reklam körpə üçün zərərli olmaqdan çox faydalıdır. Ancaq faydalılıq yalnız ondan ibarətdir ki, reklam çarxı doqquzaylıq uşaqda yaranan informasiya aclığını yatırdır. Uşaq günün əsas hissəsini oyuncaqlar olan manejdə olur və əsasən anasını, atasını və digər ailə üzvlərini görür. Maksimum halda evdə it və ya pişik olur. Amma, uşaqda mühitlə daha çox ünsiyyət tələbi yaranır ki, bu vaxt da aktiv dərketmə başlayır. Reklam çarxları da bu mərhələdə dərketmə üçün məhz bir imkan yaradır.
Xoşagəlməz təsirlərdən qorunmanın yeganə yolu isə uşağı reklama baxmaqdan çəkindirməyə çalışmaqdır. Amma qadağan etmək çıxış yolu deyil. Uşağın informasiya vakuumunu ətraf mühitlə ünsiyyət, yeni obrazların dərk edilməsi, yeni insanlarla görüşlər, inkişafetdirici oyunlarla doldurun. İnformasiya aclığından əziyyət çəkməyən uşaq reklamla maraqlanmır. Belə uşaqlar hətta ekranda oyuncaq və ya pamperslər görsələr belə praktiki olaraq reklama əhəmiyyət vermirlər.
Bəs uşaqlar ətraf mühitlə necə ünsiyyətdə olsunlar? Prinsip etibarilə, böyüklər kimi ancaq bir qədər az miqdarda. Hətta kiçik uşağı qonaq gedərkən, mağazaya, ehtiyac olduqda müxtəlif işlərdə də özünüzlə götürə bilərsiniz. Uşağa görə öz şəxsi həyatınızdan imtina etməyin, onu da real gerçəklikdən ayırmayın.
http://atlasmed.az