Sərnişin təyyarələri on-on beş min metrə hündürlükdən uçurlar. Bu yüksəklikdə atmsofer təzyiqi çox aşağı olduğu üçün təyyarənin içinin təzyiqini artırırlar. Alışılan səviyyədən yüksəklikdə təyziq düşdüyü üçün qana gedən oksigen azalır və insan özündə yorğunluq hiss edir. Sağlam insanlar və yenidoğulmuş körpələr 250 metrə yüksəklikdə təzyiqi normal qəbul edirlər. Sərnişinlər uçuş zamanı sakit oturduqları üçün təzyiqdə yorğunluq hiss etmirlər. Sağlam yeni doğulmuş körpə üçün uçuş heç bir risk yaratmır.
Körpələrin uçuş təlimatları:
Müxtəlif Hava yolları yenidoğulmuşların uçuşu üçün fərqli tələblər qoyurlar. Məsələn, bəzi Hava yolları körpə bir həftədən kiçikdirsə onun sağlamlığında hər hansısa bir problem olmadığına dair həkimdən arayış, bəziləri də təyyarədə oksigen masqalarının hər sərnişin üçün bir dənə olduğundan hər oturacaq cərgəsində bir körpənin yerləşməsinə icazə verirlər.
Valideynlər səyahətə hazırlaşmadan qabaq hava yolları ilə əlaqə saxlayıb onlardan körpənin uçuşu ilə bağlı təlimatları öyrənməlidirlər.
Azərbaycan Hava Yolları Dövlət Konsernində körpələrin uçuşu ilə bağlı xüsusi təlimat var və bu təlimat bir həftəlik körpələrin uçuşuna qadağa qoyur.
Türk Hava Yolları Aviaşirkətində isə yeni doğulmuş körpələrlə bağlı xüsusi təlimat nəzərdə tutulmur və onların uçuşu ilə bağlı heç bir məhdudiyyət qoyulmur. Şirkətdə hamilə xanımların uçuşuna bəzi məhdudiyyətlər qoyulur. Belə ki, hamiləliyin 7-ci ayından sonra xanımların uçması üçün mütləq həkim icazəsi tələb olunur.
İMAİR Aviaşirkətində isə körpələrin uçuşu ilə bağlı hər hansı təlimat yoxdur və onların uçuşu ilə bağlı icazəni təsdiq edən həkim arayışı tələb edilmir. Şirkətin hətta iki günlük sərnişini də olub və bu sərnişin heç bir problemsiz səfərini başa vurub.
Şirkət sadəcə valideynlərdən şifahi övladlarının səhhəti ilə bağlı ciddi problemin olub-olmadığını soruşur. Hamilə xanımların uçuşunda isə hamiləliyinin 7-ci ayından sonra həkimin yazılı icazəsi ilə uçuşa icazə verir.
Pediatrlar hesab edirlər ki, təyyarə ilə uçuş körpələr üçün bir qədər riskli addımdır. Hətta bu 5 aylığından aşağı olan körpələr üçün böyük gərginlik yarada bilər. Bu baxımdan körpələrin əvvəlcədən uçuşa hazırlanması məsləhətlidir. Belə ki, uçuş ərzində uşaqların, xüsusilə də körpələrin yatmış vəziyyətdə olmaları onlarda narahtlığın yaranmamasına səbəb ola bilər. Həmçinin uşaqlarda qulaq deşiklərinin dar olması təyyarənin qalxma və enməsi zamanı bir qədər xoşagəlməz hallar yarada bilər. Uçuş körpələrin qulaqlarında zəiflik və s. problemlərə yol aça bilər. Buna görə də təyyarənin qalxma və enməsi zamanı körpələrin yedizdirilməsi vacibdir.
Ümumiyyətlə yaxşı olardı ki, valideynlər körpələrini təyyarə ilə səfərə aparmazdan əvvəl həkimlə məsləhət etsinlər. Çünki, körpənin bilinməyən hansısa xəstəliyə meylliliyi ola bilər ki, bu da uçuş zamanı ciddi fəsadlar yarada bilər. Uçuş zamanı yaranan səs-küy, atmosfer təzyiqinin tez-tez dəyişməsi körpələrdə stress yarada bilər.
Daimi səfərlər ilk növbədə psixoloji və başqa sağlamlıq əlaqəli problemlərə səbəb ola bilər. Belə ki, əmizdirən anaların özləri də uçuş zamanı stress keçirir ki, bu da uşaqların qidalanmasına mənfi təsir edir.
Qeyd etmək lazımdır ki, uçuşun müddəti də uşaqların sağlamlıqları üçün böyük əhəmiyyət kəsb edir və körpələrin uzun müddətli uçuşu düzgün deyil.
İstənilən halda valideyn çalışmalıdır ki, məcburi vəziyyət olmadıqca yeni doğulmuş körpəsini təyyarə ilə səfər etməsin.
Hansı hallarda uçuş təhlükəlidir?
Yüksək qan azlığı, anadan gəlmə ürək və ağır ağciyər xəstəliklərində təyyarə ilə uçuş körpələr üçün riskli ola bilər. Belə xəstəliklər özlərini hər zaman biruzə vermirlər, amma uçuş zamanı təzyiqin dəyişməsi nəticəsində problemlər yarana bilər.
Uçuş infeksiya riskini artırmı?
Tez-tez təyyarə ilə səyahət edən insanlarda yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri riski daha yüksək olur. Körpələr üçün isə bu vəziyyətin hələki tibbi bir sübutu yoxdur. Amma uçuş zamanı havanın sirkulyasiyası, təyyaradə müxtəlif viruslu insanların olması, bağlı bir yerdə olmaq, kabinanın havasının quru olması infeksiyaların rahatlıqla artmasına kömək edən faktorlardandır.
Körpənizin təhlükəsiz uçuşu üçün:
• daha az adamın uçduğu uçuşlardan istifadə edin;
• təyyarələrin təmizliyi gecə edildiyinə görə, səhər uçuşlarını seçin;
• əllərinizi tez-tez yuyun və özünüzlə antibakterial nəm salfetlər götürün;
• yanınızda qrip adam oturubsa dərhal yerinizi dəyişin;
• təyyarənin qalxma və enməsində körpəni qucağınıza alın və ona da təhlükəsizlik kəmərini taxın;
• qulaq tutulmasının qarşısını almaq üçün qalxma və enmədə körpəni ya əmzidirin, ya da şüşədən yedizdirin. Çünki, əmmə orta qulaq təzyiqini normallaşdırır ki, bu da körpənin özünü yaxşı hiss etməsinə kömək edir;
• körpənizin ciddi sağlamlıq problemləri varsa, pediatrınızla məsləhətləşin;
http://atlasmed.az