Saytımızın bu günkü qonağı Şəhər dəri-zöhrəvi dispanserinin baş həkimi, tibb elmləri namizədi Rəşad İsmayılovdur.
М: Hal hazırda Azərbaycanın əhalisində ən çox rast gəlinən dəri-zöhrəvi xəstəlikləri hansılardır?
R.İ: Son zamanlar biz tez-tez psoriaz, ekzema, vitilliqo, neyrodermit və göbələk xəstəliklərini müşahidə edirik. Psoriaz problemi daha kəskin şəkil alır, belə ki etiologiyası və müvafiq olaraq müalicəsi hələ də dəqiq müəyyənləşməmişdir. Statistika psoriazla xəstələnmə tezliyinin bütün dünya üzrə artmasını göstərir və Azərbaycan müstəsnalıq təşkil etmir.
М: Psoriaz hansı yaş qrupunda daha çox rast gəlinir?
R.İ:Psoriazın ilk əlamətləri 29-50 yaş arası insanlarda meydana çıxır
М: İyirmi beş illik iş təcrübəsi olan dəri-zöhrəvi həkimi olaraq zohrəvi xəstəliklərinin üstünlüyü mənzərəsindəki dəyişikliyi müşahidə edirsinizmi?
R.İ: Zöhrəvi xəstəliklərdən danışarkən qorxulu və çoxsaylı ağırlaşmalar doğura biləcək xəstəlik olan sifilisi qeyd etməmək olmaz. Bu xəstəlik cinsi yolla ötürülür və gedişi üç mərhələdən ibarətdir ki, bunlardan axırıncısı neyrosifilis-mərkəzi sinir sisteminin zədələnməsilə nəticələnir. Azərbaycanda bu xəstəliyin rast gəlmə statistikası dalğavari olub ən yüksək göstəricisi 1997-ci ilə düşür. Bu günkü günə xəstələnmə hallarının azalması qeyd edilir, lakin narahat edici fakt odur ki gizli gedişli sifilisin rast gəlmə faizi artır.
М: Gizli gedişli sifilis necə aşkarlanır və bu halda təhlükə nədən ibarət olur?
R.İ: Gizli gedişli sifilis – silinmiş simptomatika, bəzən hətta tamamilə simptomsuz gedişlə xarakterizə olunur. Xəstə hətta şübhələnmir ki, o xəstədir və beləliklə, sifilis hiss olunmadan ikinci və üçüncü mərhələlərinə keçir. Təhlükə ondan ibarətdir ki, hər növbəti mərhələ əvvəlkindən müalicəyə daha çətin tabe olunur. Çox vaxt biz sifilisli xəstələri təsadüfən rutin müayinələr zamanı aşkarlayırıq. Həmçinin bu günkü günə Azərbaycanda cinsi yolla ötürülən xlamidioz, ureaplazmoz kimi infeksiyalarla və papillomavirusla xəstələnmə hallarının artmasını müşahidə edirik.
М: Bunu nə ilə əlaqələndirirsiniz?
R. İ : Mən hesab edirəm ki, bu xəstəliklərin aşkarlanması tezliyinin artması onların yayılması ilə deyil, diaqnostika üsullarının təkmilləşməsilə əlaqədardır. Hal hazırda hər bir özəl klinika, xəstəxana, həmçinin bizdə yuxarıda qeyd edilən infeksiyaların aşkarlanması üçün lazımi aparaturalar var. Lakin yenə də şərhə ehtiyac yoxdur ki: yalnız bizim dispanserdə 1 ay ərzində kişilərin üstünlüyü ilə 148 xlamidioz halı aşkar edilmişdir.
М: Yoluxmadan necə qorunmalı? Bu barədə bizim oxuyuculara məsləhət verə bilərsinizmi?
R. İ .: Elementar qaydaya riayət etməklə bir çox zöhrəvi xəstəliklərdən qorunmaq olar. Mən hər kəsə təhlükəsiz cinsi əlaqəni tətbiq etməyi məsləhət görürəm. Nə qədər bayağı səslənsə də, bu özünüzün və yaxınlarınızın sağlamlığının qorunmasının yeganə təsirli və sadə üsuludur.
М: Bu yaxınlarda nigaha qədər bir sıra zöhrəvi xəstəliklərə görə mütləq müayinədən keçmə barədə qanun layihəsinin işlənilməsi çox aktiv müzakirə edilirdi. Bu barədə sizin rəyinizi bilmək istərdik.
R. İ .: Mən bir həkim kimi əlbəttə yalnız “lehinə”yəm. Lakin yaddan çıxarmaq olmaz ki, hər şey könüllü əsasda, insan hüquqlarını və azadlığını məhdudlaşdırmadan baş verməlidir. Düşünürəm ki, nigaha məsuliyyətli yanaşan, hər bir sağlam düşüncəli insan qabaqcadan özünün, partnyorunun və gələcək uşaqlarının sağlamlığının qeydinə qalacaq. Xüsusilə Azərbaycanda hər bir kəsin anonim olaraq hərtərəfli müayinə oluna biləcəyi çox sayda nəinki dövlət, həmçinin özəl klinikalar mövcuddur.
М: Və sonda, müvəffəqiyyətli karyera və peşəkarlığınızın sirrini bizimlə bölüşün.
R. İ .: Həkim hansı yüksəklikdə olmasından asılı olmayaraq həmişə özü üzərində işləməli və biliklərini təkmilləşdirməlidir.
М: Medexpert komandası və oxuyucuları adından sizə maraqlı söhbətinizə görə təşəkkürümüzü bildiririk. |