Hamiləlik zamanı xəstələndikdə, bu nəinki hamilə qadın üçün, həm də onun gələcək övladı üçün arzuolunmaz haldır. Əgər xəstəlik infeksion mənşəli olarsa, bu hamilə qadın üçün daha təhlükəlidir. İnfeksiyanın dölə necə təsir etməsi hamiləliyin trimestrindən, ananın immun sistemindən və xəstəlik törədən mikroorqanizmin xarakterindən asılıdır.
Əgər hamiləliyin birinci trimestrində (5-6 həftə) baş veribsə, embrionun ölməsi, təbii abortla müşahidə oluna bilər. Əgər hamiləlik davam etsə, döldə orqanların çoxlu sayda inkişaf anomaliyaları meydana çıxacaq. Hamiləliyin ikinci trimestrində (2 həftədən başlayaraq) dölün orqanları formalaşdığından, infeksiya orqanlara ciddi təsir edə bilməsə də, plasentanın infeksiyalaşmasına gətirib çıxarır. Bu da vaxtından qabaq doğuşa səbəb olur.
Bu zaman nə baş verir? – İnfeksiya anadan dölə iki yolla ötürülür: hematogen və şaquli.
Hematogen yolla-törədici ananın qanı ilə plasentaya keçir və oradan da dölə ötürülür. Şaquli- törədici ananın cinsiyyət yolları vasitəsilə uşaqlığa düşür, daha sonra dölyanı mayedə çoxalaraq, dölün mədə-bağırsaq traktına və yaxud tənəffüs yollarına daxil olur.
Nədən qorxmaq lazımdır? – Geniş yayılmış infeksiyaların arasında virus və ya bakteriya mənşəli olmasından asılı olmayaraq, hamilələr üçün xüsusi təhlükəli olan bir qrup infeksiyalar mövcuddur. Bunlardan biri olan məxmərək – virus infeksiyasıdır.
Kim bu xəstəliyi uşaq vaxtı keçirdibsə, daha heç bir zaman bu infeksiya ilə yoluxmur. Bu xəstəliyə qarşı immunitetin olub – olmadığını bilmək üçün mütləq qan analizi vermək lazımdır. Əgər qanda anticisim aşkar olunarsa, deməli ana və körpə üçün heç bir qorxusu yoxdur. Əks halda hamiləlik planlaşdırmadan bir neçə ay öncə peyvənd etmək məsləhətdir. Məxmərəyin ən təhlükəli cəhəti odur ki, o bütün hallarda anadan dölə ötürülür və onu məhv eləyir. Anadangəlmə məxmərək körpənin istənilən orqanını zədələyə bilər-ürək qüsurlarına, karlığa, kataraktaya gətirib çıxarır.
Sitomeqalovirus – hava-damcı, cinsi əlaqə vasitəsilə yoluxur. Bu infeksiyaya hamiləlik zamanı yoluxma xüsusilə təhlükəlidir. Bu halda infeksiya qaraciyər və beyni zədələyərək, embrionun məhvinə səbəb olur.
Herpes (ikinci tip) virusuna hamiləlik zamanı yoluxma baş verərsə, bu zaman yenidoğulmuşlarda herpes virusu aşkarlana bilər. 32 həftəlik hamiləlikdən sonra genital herpesin kəskinləşməsi çox təhlükəlidir. Bu zaman həkimlər keysər kəsiyi əməliyyatı məsləhət görür, belə ki doğuş zamanı dünyaya gələcək körpə doğuş yollarından keçdikdə yoluxma riski çox böyük olur.
SPİD zamanı infeksiyanın anadan dölə ötürülmə riski 25-30% təşkil edir, ona görə körpənin xəstə doğulacağına hamilə qadın hazır olmalıdlr.
Hepatit B – Bətndaxili yoluxma riski 25-30% təşkil edir, ona görə də hamiləliyi planlaşdıran hər bir qadın mütləq peyvənd olunmalıdır. 30% hallarda müşahidə olunur. Əgər qadın hamiləliyin birinci trimestrində bu xəstəliyə yoluxubsa, döldə eybəcərliklərə, son trimestrdə isə vaxtından qabaq doğuşa və ya körpənin ölümünə səbəb olur.
Toksoplazmoz – ən geniş yayılmış infeksiyalardan biri sayılır. Onun əsas bədən sahibi pişik, aralıq sahibi quşlar və insanlardır. Toksoplazmaya yoluxmamaq üçün hamilə qadın pişik ilə kontaktda olmamalı, çirkli meyvə və tərəvəz, tam bişməmiş ət məhsulları qəbul etməməlidir.
Hamiləliyin erkən dövründə infeksiya embrionun məhvinə və ya inkişaf anomaliyalarına səbəb olur. Hamiləliyin son aylarında yoluxma baş verərsə, yeni doğulmuş körpədə sarılıq, intoksikasiya kimi əlamətlər, qaraciyərin, dalağın, limfa düyünlərinin zədələnməsi müşahidə olunur.
Sifilis – 65% hallarda düşüklərə səbəb olur. Əgər hamiləlik davam etsə belə, yeni dünyaya gələn körpə ölü doğula bilər və ya anadangəlmə sifilis əlamatləri: dərinin, sümüyün və mərkəzi sinir sisteminin zədələnməsi müşahidə olunur.