Hamiləlik və babasil
Avropa Birləşmiş Tədqiqatlar İnstitununun hamiləliyin 2-ci və 3-cü trimestrində olan qadınlar arasında apardığı “Xoşbəxt hamiləlik” monitorinq-eksperimenti zamanı çox maraqlı bir fakt aşkarlanmışdır. Gələcək analar “hamiləlikdən zövq almağa sizə nə imkan vermir?” sualına cavab verərkən onların böyük əksəriyyəti – 63,2%-i qəbizliyin adını çəkmişdir. Qəbizlikdən şikayət edən qadınların 43,6%-i isə hemorroydan əziyyət çəkdiyini söyləmişlər. Özünüz qiymətləndirin: ÜST-ün verdiyi məlumata əsasən hamilə qadınların 57%-i, doğuşdan sonra isə 30 %-i qəbizlik problemi ilə üzləşir. Hamilə olmayan qadınlarda 8% hemorroy rast gəldiyi halda, hamilə və zahı qadınların 41-42 %-də hemorroy qeydə alınır. Ona görə belə demək olar ki, hemorroy hamilə qadınların xəstəliyidir.
Hamiləlik zamanı xüsusən onun 2-ci yarısında bağırsaq böyümüş uşaqlıq tərəfindən həm arxaya, həm də aşağı sıxılır. Qan dövranı hissəvi olaraq pozulur, kiçik çanaq damarlarında venoz durğunluq yaranır. Bu səbəbdən bağırsağın dinamikası, boşalması çətinləşir, peristaltikasıs üstləşir, qəbizlik baş verir.
İnsan orqanizmində bağırsaqların yığılması neyro-humoral mexanizmlərlə tənzimlənir. Hamiləlik zamanı bağırsaq əzələlərinin bu cür stimulyatorlara qarşı həssaslığı əhəmiyyətli dərəcədə azalır. Təbiət çox “ağıllıdır”, uşaqlıq və düz bağırsaq ümumi innervasiyaya malikdir və hamiləlik zamanı düz bağırsaq əzələlərinin güclü peristaltikası uşaqlığın yığılma fəaliyyətini stimullaşdırmaqla hamiləliyin pozulması qorxusunu yarada bilər. Məhz bu müsbət qoruyucu reaksiya xoşagəlməz nəticəyə-qəbizliyə gətirib çıxarır.
Məlum olduğu kimi hamilə qadınların əksəriyyəti emosonal labildirlər, stressdən və əsassız qorxulardan əziyyət çəkirlər. Müasir təbabətdə qəbizliyin əsas əmələgəlmə səbəbi kimi məhz sinir sisteminin disfunksiyaları göstərilir. Digər tərəfdən qəbizlik özü də qadınların psixoemosional statusuna mənfi təsir göstərir. Həmçinin qəbizliyin inkişaf etməsində allergik, autoimmun proseslər və endokrin tənzimlənmənin pozulması da müəyyən rol oynayır.
Hemorroy, insan populyasiyasında ən geniş yayılmış xəstəliklərdən biri hesab olunur. Xəstəliyin əsas səbəbləri bədənin vertikal vəziyyəti, dietanın xüsusiyyətləri, oturaq əmək və adinamiyadır. Əvvəllər belə hesab edilirdi ki, qadınlarda xəstəliyin rastgəlmə tezliyi kişilərə nisbətən azdır, lakin tədqiqatlar bunun tamamilə əksini ortaya çıxardı; sadəcə olaraq qadınlar buna əhəmiyyət vermirlər və həkimə müraciət etmirlər.
Xəstəlik və onun kəskinləşməsi əsasən hamiləlik zamanı və doğuşdan sonra rast gəlinir ki, bu da qarındaxili təzyiqin artması ilə bağlıdır. Hərəkətverici amil kimi hamilələrdə düz bağırsağın hipotoniyası ilə əlaqədar baş verən qəbizlik çıxış edir. Hemorroylu hamilə qadınlarda qəbizlik simptomunun rastgəlmə tezliyi 86%-ə çatır. Hamiləlik müddəti artdıqca xəstəliyin rastgəlmə ehtimalı da yüksəlir. Lakin ailədə venoz patologiyaya irsi meyllik olan hallarda hemorroy 2-ci trimestrin 1-ci yarısında özünü göstərir, çünki bədənin aşağı yarısında və çanaqda qanın durğunluğu həm adi quruluşlu venaların, həm də düz bağırsağın kavernoz toxuma venalarının işini çətinləşdirir. Qeyd edək ki, hemorroyla xəstələnmə halı birinci və ikinci hamiləliklərdə sonrakı hamiləliklərə nisbətən daha tez-tez rast gəlinir.
Xəstəlik 2 əsas sindrom şəklində özünü göstərir – kəskin tutmalar və xroniki gediş. Kəskin tutmaların inkişafı əsasən hemorroidal düyünlərin trombozu zamanı baş verir. Hemorroidal düyünlərin trombozu onların kəskin böyüməsi, sərtləşməsi və anal dəlik nahiyəsində güclü ağrıların olması ilə səciyyələnir. Adətən tromboz daxili düyünlərdən başlayır və daha sonra xarici düyünlərə keçir. Xroniki gediş üçün xarakterik simptomokompleks defekasiya aktı zamanı qanaxmadan və hemorroidal düyünlərin anal dəlikdən düşməsidir.Bu əlamətlər anal nahiyədə qaşınma, yanğı hissiyatı, sulanma və sürtünmə ilə müşayiət edilir.
Xarici hemorroidal düyünlər-aşağı venoz kələfdən inkişaf edir və bilavasitə anusun dərisi altında yerləşir,daxili hemorroidal düyünlər isə yuxarı venoz kələfdən inkişaf edir və düz bağırsağın selikaltı qatında yerləşir.
Qanaxma, xəstəliyin əsas simptomu kimi, xəstələrin 50%-də müşahidə olunur. Tezliyinə görə ikinci əlamət hemorroidal düyünlərin düşməsi hesab edilir. Həmçinin xəstələrin 9%-də anal nahiyənin qaşınması, 5%-də anal nahiyənin diskomfortu, 2%-də selik ifrazı qeyd olunur.
Aparılan kliniki tədqiqatlar göstərmişdir ki, 232 hamilə qadından 46,1 %-də anal nahiyədə ağrı, 37,1 %-də rektal qanaxma, 27,6 %-də isə anal nahiyədə qaşınma müşahidə edilir. Müşahidə edilən qadınların 61,3%-də xarici hemorroy qeydə alınmışdır ki, bu da palpasiya zamanı əl altında həcmi azalan ziyiləbənzər törəmələr və ya büküşlər şəklində özünü biruzə vermişdir. Daxili hemorroy 38,7% hallarda rast gəlinmişdir və düyünlər selikli qişanın büküşləri arasında yerləşməklə tək və çoxsaylı olur, öskürək zamanı dolur, sıxma zamanı isə boşalırlar. Hamilələrin 11,5%-də hemorroy anal çatla müştərək qeyd olunmuşdur. Qeyd edək ki, 20- 30 yaşlı xəstələr arasında hər 5-ci qadında, 30 yaşdan sonra isə hər ikinci qadında hemorroy qeyd edilir.
Qadınlar babasilə əhəmiyyət verməsələr də, xəstəlik həm hamiləliyin gedişini ağırlaşdırır, həm də doğuşdan sonra qadınların həyat keyfiyyətini və əmək qabiliyyətini aşağı salır. Əslində qəbizliyin müşahidə edilməsi və bu xəstəlik qadınlarda tez-tez rast gəlinən çanaq dibi əzələlərinin zəifliyi patologiyasının başlanğıc mərhələsidir. Təkrari hamiləlik, çoxsaylı doğuşlar və çanaq dibi əzələlərinin anadangəlmə zəifliyi yaş artdıqca uşaqlıq sallanması, düz bağırsaq və sidik kisəsinin sallanması, rektosele, sfinkter çatmamazlığı,sidiyini saxlaya bilməmək və s. kimi ağırlaşmaların inkişafına gətirib çıxarır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün xəstəliyi vaxtında müalicə etmək lazımdır. Xüsusi dieta, gimnastik məşğələlər, çanaq orqanlarının bağ aparatını möhkəmləndirir və düz bağırsağın atoniyasını aradan qaldırır.
Cərrah-proktoloq: Asiman Əhmədova
Qaynaq: www.pcr.az |