QİÇS
Bu qorxulu xəstəlik haqda danışmağa QİÇS sözünün abbreviaturasından (izahından) başlayaq. Qazanılmış İmmun Çatışmazlıq Sindromu (QİÇS) – İİV yəni İnsanın İmmunçatışmazlıq Virusu tərəfindən törədilən infeksion xəstəlikdir. Öncə immun sistem haqda bildiklərimizi xatırlayaq. Qədim Yunanıstanda immun sözünün mənası “vergidən azad olunmuş” demək idi. Daha sonra vəba xəstəliyinə 1 dəfə yoluxmuş insanların təkrar xəstələnmədiklərini müşahidə etdikdə onlara immunitetli – yəni xəstəlikdən azad olunmuş deyilməyə başladı. İmmun sistemin əsas “təməl daşı” limfositlərdir (ağ qan cismləri leykositlərin fərqli forması). Limfositlər yalnız qanın deyil, hüceyrə mayesinin limfanın əsas tərkib hissəsidir. 1 kub.mm qanda 800-1200 müdafiə hüceyrələri olur. Onların sayı 500 və daha az olduqda immun çatışmazlıq yaranır, orqanizm bütün infeksiyalara qarşı müdafiəsiz qalır. T-4 helperlərin sayı 200 mm3-dən aşağı olduqda immun çatışmazlıq QİÇS-ə keçir. Deməli, İİV-in xəstəliyin törədicisi QİÇS-in isə bu virusa yoluxmuş orqanizmin patologiyası olduğunu aydınlaşdırdıq. Bəs bu virusa nə üçün digər törədicilər kimi orqanizm adekvat müdafiə reaksiyası vermir? Bunun üçün virusun orqanizmdəki “fəaliyyətinə” nəzər salaq. Viruslar həddən artıq kiçik, yalnız xüsusi mikroskopla görünə bilən mikroorqanizmdir. Viruslar canlı hüceyrələrin daxilində yaşayırlar. Orqanizmdə bu hüceyrələr milyardlarladır, onlar birləşərək müxtəlif funksiyalar icra edirlər. Hüceyrənin xarici qatı membran adlanır və onu müdafiə edir. Daxildə isə hüceyrə mayesi və nüvə yerləşir. Nüvə sanki mini kompüterdir və orqanizmin bütün fəaliyyətinə cavabdehdir. Virus orqanizmə daxil olduqda onu qəbul edən hüceyrəni axtarır, ora daxil olur. Adi halda insan müəyyən vaxt xəstələnir, lakin sonra orqanizmi müdafiə qüvvələri, yəni immun sistem virusla mübarizəyə başlayır. İİV isə digər viruslardan fərqli olaraq, məhz immun kompitent hüceyrələrə hücum edir. Orqanizmə daxil olan virusu T-helperlər (müdafiə hüceyrələri) qarşılayırlar. Bu hüceyrələrin rolu immun sistemi işə salmaqdır. Adi halda orqanizm hər hansı virusa yoluxduqda T-helperlər onu tanıyır və orqanizmə buraxmır. Yəni müdafiə hüceyrələrinin funksiyası bu virusları yaddaşda saxlamaqdır. İİV T-helperlərin yaddaşını pozur, normal immun hüceyrələrin sayı getdikcə azalır, ümumiyyətlə immun çatışmazlıq yaranır. Beləliklə bu virusun və onun törətdiyi xəstəliyin nə dərəcədə qorxulu olduğunu anladıq. Lakin unutmamalıyıq ki, bu xəstəliyə insan diqqətsizliyi və cəhaləti üzündən yoluxa bilər. Elementar həyat normalarına, keyfiyyətli tibbi prosedurların tətbiqinə riayət etməklə bu qorxudan azad olmaq olar. QİÇS-dən qorunmanın 4 yolu var:
- Müdafiəsiz cinsi əlaqədən çəkinməli.
- Narkomaniyadan uzaq olmalı.
- İnyeksiyalar və qan köçürmə zamanı birdəfəlik şprislərdən istifadə etməli.
- Tam müayinə olunmadan hamiləliyə qərar verməməli.
Qaynaq: www.pcr.az
|