Əmzik lazımdır, yoxsa yox? Bu sual hələ də valideynlər arasında mübahisələrə səbəb olur. Körpəsini əmziklə sakitləşdirənlər onun əvəzsiz olduğuna əmindirlər. Əmziyin ziyanı barədə oxuyan ata-analar isə onu qəti rədd edirlər. Bəs siz nə fikirdəsiniz? Qərara gəlin ki, gecikməyəsiniz. Qərar vermək üçün gəlin əmziyin əleyhinə və lehinə olan mütəxəssislərin məlumatlarıyla tanış olaq.
Əmziyin əleyhinə olanlar deyirlər ki... Əmzik uşağın normal qidalanmasına mane olur. Əgər siz uşağınızı vaxtlı-vaxtında, rejimə uyğun qidalandırmağın tərəfdarısınızsa, əmzik problem yarada bilər. Əmziyi sormağa öyrəşmiş uşaq döş istəməyə, iştahasız ola bilər. Bundan başqa əmzik bir yaşı keçmiş uşağın inkişafını zəiflədir. Onun fikrini cəmləyir, ətraf aləmdən təcrid edir, ətrafla tanışlığa mane olur. Əmzik həm də nitqin inkişafına maneədir. Uşaq əmzikdən nə qədər çox istifadə edərsə, bir o qədər gec dil açar.
Əmziyin tərəfdarları deyirlər ki... Siz balanızı vaxtlı-vaxtında yedirdə bilmirsinizsə, uşağa hər istədiyi anda döş vermək imkanınız yoxdursa, əmzikdən istifadə edə bilərsiniz. Əmzikdən daha çox işləyən analar yararlanırlar. Dayə və ya nənə yanında qalan uşaqlar çox vaxt əmziklə sakitləşdirilir. (Hərçənd bu halda da əmziyə ciddi ehtiyac olmur, uşağın başını əmziksiz də qatmaq mümkündür). Tez-tez qonağı olan və ya özü qonaq gedən qadınlar, mağazalarda növbə tutmalı olan analar da əmzikdən çox istifadə edir. Bəzi mütəxəssislər hesab edirlər ki, uşaq ana südü əmmirsə, ona tez-tez əmzik vermək lazımdır. Çünki ana südü yeməyən uşağın əmməyə daha çox ehtiyacı var, axı yalnız butulkadan yeyən uşaq lazım olduğundan az əmir. Əmmək isə uşaq üçün çox vacibdir.
Əlbəttə, uşağın özündən, yaşından da çox şey asılıdır. Elə uşaqlar var ki, əmziyi ilk gündən özləri rədd edirlər. Bu halda onları əmzik götürməyə vadar etməyin.
Bir yaşdan sonra uşağa əmzik götürməyi tərgitmək lazımdır. Əmzikdən həddən artıq istifadə, yuxarıda qeyd etdiyimiz kimi inkişafa mane olur.
www.bala.az
|