Təzə doğulan və ana südü ilə qidalanan uşaqlarda nadir hallarda qəbizlik olur. Çünki ana südü həzm sisteminin normal fəaliyyətini təmin edir. Bununla belə siz balanızın gücəndiyini müşahidə edirsiniz. Mütəxəssislərin fikrincə uşağın gücənməsinə səbəb, ya nəcisin çox yüngül olması və anusa təzyiq göstərməməsi, ya da anus əzələlərinin kifayət qədər güclü olmaması, nəcisi asanlıqla çıxara bilməməsidir. Bəziləri hesab edir ki, çağanın daim uzanması ona nəcisi ifraz etməyə mane olur. Uşağı dik tutanda onun nəcisdən və qazlardan daha tez qurtulduğunu müşahidə edə bilərsiniz. Nəzərə alsaq ki, adam qəbizlik olanda yerimək işə yarayır, uşağı da uzadıb, ayaqlarını yığıb-açaraq (velosiped sürürmüş kimi) nəcisin çıxmasına kömək edə bilərsiniz.
Uşağın köpü olanda da ayaqyoluna getməkdə çətinlik çəkir. Ona görə də ana köp əmələ gətirə biləcək qida məhsullarından (kartof, badımcan, noxud, lobya və başqa paxlalı bitkilər, qoyun əti, isti çörək, qazlı sular) çox az istifadə etməlidir. Köpün, həzm sistemində qazların toplanmasının qarşısını almaq üçün xüsusi dərmanlar var. Həkimlə məsləhətləşib, uşağın qidasına belə vasitələrdən əlavə etmək olar.
Uşaq süni qidalanırsa, 2-3 gündə, bəzən 3-4 gündə bir dəfə ayaqyoluna gedə bilər. Nəcis çox bərk, həddən artıq qatı deyilsə, çıxarkən uşağı incitmirsə, narahat olmayın. Bərk və həddən artıq qatı nəcis qəbizliyin əlamətidir. Qəbizlik zamanı nəcisdə bəzən hətta qan müşahidə olunur. Qan güclü təzyiqə məruz qalan anusda parçalanma nəticəsində əmələ gələ bilər. Qəbizlikdən şübhələnirsinizsə, mütləq həkimə müraciət edin. Həkim məsləhəti olmadan uşağa hər-hansə bitki, meyvə şirəsi vermək, uşağı imalə etmək olmaz. Bunlar çağa üçün təhlükəlidir.
Ola bilər ki, istifadə etdiyiniz süni qida sizin uşağa ziyan edir, qəbizliyə və ya ishala (diareya) səbəb olur. Həkimlə məsləhətləşin, qidanı dəyişdirin. www.bala.az |