HİV/AİDS pandemiyası ətrafında baş verənlərə rəğmən virusun bir zəif tərəfi də var -ondan çox asanlıqla qorunmaq olar.
Ən vacib olan – insanın özünün etdiyi seçimlərdir. Belə ki, qorunmanın vacib olmasını anlayan insan nəinki düzgün qərarlara gələrək özünə görə məsuliyyət daşıyır, həm də ətrafdakılara da bunu anladır və bununla başqalarını da yoluxmadan qoruyur. HİV/AİDS və ondan qorunma mövzusunda aparılan maarifləndirmə bu bəla ilə mübarizədə əsas yeri tutur.
Susma və problemdən qaçma infeksiyanın tez və maneəsiz yayılması üçün ən yaxşı şərait yaradır.
Cinsi həyata kamil dövrdə başlamalı! HİV/AİDS -in qarşısının alınmasının ən yaxşı yolu – yeniyetmələr və gənclər arasında seksual həyata gec – kamillik dövründə başlamanın tədrisidir. Belə ki, bu dövrdə insan artıq cinsi həyatın təhlükəli tərəfi haqqında – cinsi yolla keçən xəstəliklər, o cümlədən HİV/AİDS haqqında məlumatlanmış və onun boynuna düşən məsuliyyəti dərk etmiş olur. Ailə adətən kamillik dövründə qurulduğu üçün ilk cinsi həyata da ailə qurulduqdan sonra başlamaq məsləhət görülür.
Cinsi həyatı bir partyorla yaşamalı. Əgər hər iki tərəf öz partnyoruna sadiq qalırsa bu zaman cinsi əlaqə yolu ilə infeksiyaya tutulmaq problemi aradan qalxır. Problemə belə yanaşma həm də ailəni (nigahı) qoruyur.
Təhlükəsiz cinsi əlaqə – Prezervativ (condom) – bu haqda ayrıca söhbətimiz olacaq
Qan köçürmə Bir çox ölkələrdə köçürmə üçün götürülən qan HİV-yə yoxlanılır. Lakin bəzi klinikalarda, təcili hallarda qan yoxlanılmadan, donordan birbaşa resipientə köçürülür. Bu halda yoluxma ehtimalı çox yüksək olur.
İynə, şprits və digər tibbi alətlər Artıq istifadə olunmuş iynə, şprits və digər tibbi alətlərdən istifadə etməyin; Bir dəfə istifadə olunan aləti təkrarən başqası üçün istifadə etməmişdən əvvəl 20 dəqiqə qaynayan suda saxlayın; Bundan əlavə, manikür alətləri – sterilləşdirilmiş, ülgüclər – birdəfəlik olmalıdır. Tatu, iynəterapiya və pirsing etdikdə əlatlərin steril və ya birdəfəlik olmasına fikir verilməlidir. |