Kron xəstəliyi Kron xəstəliyi dedikdə, həzm sisteminin xroniki residivləşən, bağırsağın müxtəlif nahiyələrində iltihabla və qranulyomatoz-xoralı zədələnmələrlə müşahidə olunan xəstəliyi başa düşülür. Rastgəlmə tezliyi 1500:1 nisbətindədir. Xəstəlik hər yaşda, həm kişidə, həm də qadınlarda eyni tezlikdə rast gəlinir, lakin əsasən, 15-40 yaşarasında müşahisə olunur. Kron xəstəliyi əziyyətverici xəstəliklərə aiddir ,belə ki, insanın normal həyatını pozaraq, həyat ritminə mane olmuş olur.
Xəstəliyin əsasında regional limfangiit durur, bu da bağırsaq divarının və mezenteriumun limfatik stazına gətirib çıxarır. Bağırsağın zədələnən hissəsi ödemli, qalınlaşmış, hiperemiyalaşmış olur, iltihabi proses selikaltı qatdan başlayıb, sonra selikli, əzələ, və subseroz qata keçir və nəticədə bitişmələr, fistullar əmələ gəlir və bağırsağın həmin nahiyəsinin daralmasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu prosesə həzm traktının bütün hissələri, ağız boşluğundan başlamış anus dəliyinə qədər cəlb olunur. Kron xəstəliyi ləng inkişaf edir. Gedişi xroniki, residivləşəndir.
Səbəbləri və simptomları
Səbəbləri:
Genetik faktorlar
İnfeksiyalar
Autoimmun pozğunluqlar
Kron xəstəliyi kəskinləşmə və remissiya ilə xarakterizə olunur.
Kəskinləşmə zamanı aşağıdakı simptomlar müşahidə olunur:
Qarında ağrı. Bəzən elə güclü ağrılar olur ki, xəstələrin ağrıkəsici preparatlara ehtiyacı olur.
Qarın köpməsi. Qarın barabanı xatırladır.
İshal. Çox vaxt tenezmlərlə müşayiət olunur.
İştahanın zəifləməsi.
Bədən kütləsinin azalması
Temperaturun yüksəlməsi
Düz bağırsaq qanaxması. Buna səbəb isə yaranan çat və xoralardır.
Anus ətrafında abseslər və xoraların yaranması, səbəb isə daimi qıcıqlanma və infeksiyalaşmadır
Anemiya, qan itirmə ilə bağlı meydana çıxır.
Yuxarıda göstərilənlərdən başqa, Kron xəstəliyinin kəskinləşmə mərhələsində əlavə kliniki əlamətlər də müşahidə oluna bilər:
Ağız boşluğunda xoralar
Oynaqlarda ağrılar
Səpgi
Gözlərin iltihabı
Dəridə xoralar
Qaraciyərin iltihabı
Hamilə qalmaqla bağlı problemlər, qadınlarda uşaq düşürmə riski
Kron xəstəliyi ağır gedişə malik xəstəliklər siyahısına aiddir və nəticədə insanların depressiyaya düşməsinə və onların həyatdan zövq almasına mane olub, insanları sevinc hissindən məhrum edir.
Kron xəstəliyinin uzunmüddətli olması digər ağırlaşmalarla da müşahidə olunur.
Xarici və daxili fistullar
Abseslər
Bağırsaq daralması
Perforasiya
Massiv qanaxmalar
Yoğun bağırsaq xərçəngi riskinin artması
Diaqnoz və müalicə:
Kron xəstəliyinin diaqnozu qan, nəcis analizi, siqmoidoskopiya, kolonoskopiya, barium-sulfat istifadə olunmaqla rentgenoloji müayinə (ağız boşluğundan qəbul edərək və ya imalə şəklində),USM, MRT, KT. Müayinələr isə əlbəttə ki, ağrısız şəraitdə aparılır.
Müalicəyə pəhriz, hormonal terapiya, 5-aminosalisilaza, immunosupressorlar, iltihab əleyhinə preparatlar, antibiotiklər, simptomatik müalicə daxildir. Konservativ müalicənin effekti olmadıqda və ağırlaşmalar olduqda cərrahi müalicə aparılır. Xəstəliyin proqnozu xəstəliyin ağırlaşma dərəcəsindən və yayılmasından asılıdır. Bağırsağın ağır zədələnməsində proqnoz yaxşı deyil. |