Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Allergiya nədir?  | 2937 dəfə oxunub

Allergiya (yun. «allos» — başqa, özgə; «erqon» — iş, fəaliyyət, təsir) — orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır.
Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər.
Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratın, Qalenin vaxtından məlumdur. 1819-cu ildə ilk dəfə ingilis alimi Con Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir. Fransız alimi Şarl Rişe, rus alimi Q.P.Saxarov, ingilis pediatrı Smit, iyirminci əsrin əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş, müəyyən təcrübələr aparmış və faydalı fikirlər söyləmişlər. Sonralar İ.İ.Meçnikov bu fikirləri daha da genişləndirmişdir.
Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala qarşı həssaslığın artması kimi təsəvvür olunur. Müəyyən edilmişdir ki, immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin, yaxud maddənin onun özününmü, ya ona yadmı olduğunu yaxşı bilir. Ona görə də orqanizmə daxil olan hər hansı yad cismə qarşı mühafizə xarakterli əks-cisimlər hasil olur.
Allergiyaların, yəni allergik reaksiyaların və allergik xəstəliklərin bir neçə növü, xüsusən aşağıdakılar ayırd edilir:
1. Sürətli allergik reaksiyalar, allergik xəstəliklər. Bunlar antigenin orqanizmə daxil olduğu vaxtdan bir neçə dəqiqədən bir neçə saata qədər müddətdə meydana çıxır və B — limfositlərinin iştirakı ilə həyata keçir.
2. Ləng gedişli allergik reaksiyalar. Allergen orqanizmə daxil olduqdan bir neçə sutka sonra allergik xəstəlik baş verir. Bunların patogenezində T — limfositlər iştirak edir.
Müxtəlif yollarla orqanizmə daxil olmuş yad cisim (kimyəvi maddələr, qida və ərzaq məhsulları, dərmanlar, tozlar, ətirlər və sairə — onları yüzlərlə saymaq olar) allergen olub xəstəlik törədə bilər.
Bir sıra dərman maddələri və kiçik molekullu kimyəvi birləşmələr tam antigen xüsusiyyətinə malik olmayıb, ayrı-ayrılıqda orqanizmdə əks-cisimlərin əmələ gəlməsinə səbəb olmur. Hapten adlanan bu maddələr orqanizmdə zülallarla birləşdikdən sonra tam antigen xüsusiyyətləri kəsb edir.
Daxil olan allergenlərə qarşı orqanizmin hasil etdiyi əks-cisimlər allergenləri tutaraq, antigen — antitel kompleksi əmələ gətirir. Həmin kompleks orqanizmdə bioloji fəal maddələrin (histamin, serotonin, asetilxolin, prostaqlandinlər, kininlər və s.) ifrazına səbəb olur ki, bu da allergik xəstəlik üçün zəmin yaradır.
Tənəffüs və qida ilə, habelə parenteral yolla orqanizmə daxil olmuş hər bir allergen antigen-antitel kompleksi əmələ gətirə bilər. Bu kompleks qan dövranında əmələ gəlirsə, sürətli allergiya reaksiyaları — anafilaktik şok, serum xəstəliyi, bronxial astma, övrə, Kvinke ödemi və s. baş verir. Hüceyrə ilə əlaqədar ləng gedişli allergik reaksiyalara isə allergik kontakt dermatiti, toksik allergik dermatit, bakterial allergiya, transplantatın ayrılma reaksiyası, autoallergik xəstəliklər və s. aiddir.
Düzdür, allergenlərin orqanizmə daxil olması o qədər də asan deyil. Çünki hər bir canlıda olduğu kimi, insan orqanizminin də müdafiə qüvvələri vardır. Orqanizmin müdafiə qüvvələri dörd-beş qat baryerdən ibarətdir:
1. Dəri örtüyü və selikli qişalar (ağız boşluğu, mədə-bağırsaq, ağciyərlər və s.) onların üzərinə düşən hər bir orqanizm üçün yad maddəni neytrallaşdırır və orqanizmdən kənar edir. Odur ki, əksər hallarda bu maddələr orqanizmə daxil ola bilmir.
2. Əgər bu maddələr hər hansı yolla dəridən və selikli qişalardan orqanizmə daxil olursa (zədələnmə nəticəsində), limfa və qan dövranında olan xüsusi «müdafiəçilər» onları məhv edir.
3. Bu iki «mühafizə xəttini» keçə bilən allergenlər üçüncü «cəbhənin» müqavimətinə rast gəlir. Bu da orqanizmin hüceyrə və toxumalarıdır; onların da özünümüdafiə sistemi vardır. Çox hallarda həmin mühafizəçilər allergeni məhv edir və nəticədə xəstəlik baş vermir.
4. Üçüncü mühafizə xəttini keçə bilən maddələr əleyhinə ən güclü baryerlər olan sinir sistemi və endokrin vəziləri işə qoşulur.
Limfositlərin orqanizmə daxil olmuş allergenlər əleyhinə hasil etdiyi mühafizə maddələri — əks-cisimlər qan dövranı vasitəsilə bütün orqanizmə yayılır. Bunlar ən çox allergenlərin orqanizmə daxil olduğu yerlərə yığılır, orqanizmi müdafiə etmək məqsədilə allergenləri yaxalayır və onlarla birləşir. Beləliklə, allergen-antitel kompleksi əmələ gəlir ki, allergik xəstəliyin əsas mahiyyəti də bundan ibarətdir. Əgər hər hansı bir xəstəliyin baş verməsində allergen-antitel kompleksi əmələ gəlmirsə, o, allergik xəstəlik sayılmır.
Müdafiə məqsədilə ifraz edilmiş bioloji aktiv maddələr dəri örtüyünün reaksiya gedən sahəsini qızardır, şişirdir, orada xırda sudurcuqlar və düyüncüklər əmələ gəlir, qaşınır. Buna allergik dəri xəstəliyi deyilir.

Allergiyanın səbəbləri.
Allergik xəstəlik ya qəfildən, ya da tədricən başlana bilər.

Beləliklə, allergik reaksiya adamların özünün hər hansı bir maddəyə qarşı şəxsi həssaslığı nəticəsində baş verir. Belə allergik reaksiya törədə biləcək hər hansı bir maddə allergen sayılır.
Allergenlər 2 qrupa bölünür:
1) ekzoallergenlər, yəni xaricdən orqanizmə daxil olan allergenlər;
2) endoallergenlər və ya autoallergenlər — orqanizmin özündə əmələ gəlir.
Məişət allergenləri. Mənzildə təsadüf olunan tozların (əyin və yatacaq paltarının, xalçanın, mebelin, kitabların və s.) hər biri ayrı-ayrılıqda allergen olub, xəstəlik törətmək qabiliyyətindədir.
Təbiətdə daha çox təsadüf olunan allergen müxtəlif tozcuqlardır. Ağacların, kolların, alaq otlarının, güllərin, çiçəklərin ətrafa səpələdiyi tozcuqlar allergik xəstəlik törətməkdə çox mühüm yer tutur.
Çiçək tozcuqları allergen kimi, əsas etibarilə, nəfəs borusunu, bronxları və ağciyərləri zədələyir, pollinoz (latınca pollen — toz, tozcuq) adlandırılan xəstəlik əmələ gəlir. Onlarda öskürmə, asqırma, gözlərindən yaşaxma, qızdırma, başağrısı və s. olur.
Kosmetik allergenlər. Kosmetik preparatlar gündəlik məişətimizdə çox geniş işlədilir, ondan əsasən qadınlar istifadə edirlər.
Kosmetik preparatlar ekzema və bronxial astma da verə bilər.
Ailədə məişət kimyası. Hazırda məişətdə hər bir evdə, hər ailədə müxtəlif məqsədlər üçün bir sıra kimyəvi maddələr işlədilir.
Bu maddələrlə uzun müddət və dəfələrlə təmasda olmaq bir sıra dəri xəstəliklərinə səbəb olur. Onlar dəri üçün, habelə ümumi orqanizm üçün xarici qıcıqlandırıcılardır. Məişətdə hər hansı məqsədlə kimyəvi maddələri işlədikdə, profilaktika tədbirlərini yaddan çıxarmaq olmaz.
Dərman allergiyası. Dərman maddələrinin orqanizmə daxil olması nəticəsində baş verən allergik reaksiya dərman allergiyası adlanır.
Dərmanlardan ən çox allergik reaksiyanı antibiotiklər (penisillin, streptomisin və s.), sulfanilamid preparatları (sulfodimitoksin, biseptol və s.), başağrısı, yuxu dərmanları, B qrupu vitaminləri, yod və i. a. törədir.
Dərman və qida allergiyalarının birgə təsiri daha ağır fəsadlara səbəb olur. Dərman allergiyası nəticəsində bir sıra dəri xəstəlikləri müşahidə olunur. Onlardan övrəni, Kvinke ödemini, dərman dermatitini, allergik kontakt dermatitini, çoxformalı ekssudativ eritemanı göstərmək olar.
İnək südündən, yumurta, balıq, sitrus meyvələri (portağal, limon, feyxoa, banan, ananas və s.), xörəklər (noxud, ət, meyvə-tərəvəz, kök, nar və s. olan), şokolad, qoz ləpəsi və sairədən allergiya müşahidə olunur. Bir sıra maddələrə qarşı eyni vaxtda allergiyaya da tez-tez rast gəlmək olur.
Qida maddələrinə qarşı sensibilizasiya, yəni allergik hazırlıq mədə-bağırsaq orqanlarında gedir. Mədə-bağırsağa daxil olmuş qida maddələri həmin orqanların selikli qişalarından sorulub, orqanizmə keçir. Bu vaxt orqanizm həmin orqanların fizioloji və immunoloji amilləri vasitəsilə özünü qida allergenlərindən qoruyur, qida allergenlərini orqanizmə buraxmır. Odur ki, bütün insanlar kifayət qədər müxtəlif xörəklər, meyvə, tərəvəz qəbul edir və heç bir allergik xəstəliyə tutulmurlar.
Ancaq bəzi mədə-bağırsaq xəstəlikləri (infeksion, parazitar və bir sıra iltihab xarakterli xəstəliklər) zamanı həzm orqanlarının müdafiə qüvvələri pozulur, nəticədə allergik xəstəliklərin baş verməsinə şərait yaranır. Qida allergiyası nəticəsində bir sıra xəstəliklər baş verə bilər. Onlar çox mürəkkəb və çoxcəhətli olur. On­lardan dəri allergik xəstəliklərini, tənəffüs və mədə-bağırsaq orqanlarının allergik xəstəliklərini göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda dəri, yaxud dəri və tənəffüs orqanlarının allergik xəstəlikləri eyni vaxtda rast gəlir. Allergik dəri xəstəliklərindən toksik allergik dermatitə daha çox təsadüf olunur.


Mikrobdan allergiya. Mikrobların törətdiyi hər hansı xronik iltihab ocağı (diş, boğaz, mədə-bağırsaq, qulaq, dəri, qurd xəstəlikləri və s.) bir müddətdən sonra allergik xəstəliyə çevrilə bilər. Həmin iltihab ocağında olan mikroblar daim özlərinin ifrazatı ilə zəhər buraxırlar. Orqanizm üçün yad olan bu zəhərə qarşı antitellər əmələ gəlir və allergik xəstəliyə səbəb olur. Odur ki, allergiya törədə biləcək iltihab ocaqları vaxtında aşkar edilib, müalicə olunmalıdır.
Allergiya törədən amillər insan orqanizminin özündə də vardır. Bunlara endoallergenlər deyilir. Bəzi endoallergenlər anadangəlmə və daim orqanizmdə olur, müəyyən şəraitdə allergik xəstəlik (revmatizm, sklerodermiya və s.) törədir.
Allergiyanın baş verməsi və gedişi mərkəzi sinir sisteminin vəziyyətindən çox asılıdır. Belə ki, sinir sistemi sağlam və möhkəm olan adamlarda allergiya heç baş vermir və ya yüngül keçir. Mərkəzi sinir sisteminin vəziyyəti, həssaslığı, mənfi emosiyalar, allergiyanın baş verməsində və gedişində həlledici rol oynayır. Odur ki, mərkəzi sinir sisteminin qayğısına qalmaq, onu mənfi emosiyalardan, stress reaksiyalarından qorumaq allergiyaya qarşı faydalı profilaktik tədbirlər ola bilər.
Tədqiqatlardan məlum olmuşdur ki, allergiyalar irsi xəstəlik deyildir. O, nəsildən-nəslə keçmir. Lakin nəsildən-nəslə allergik xəstəliklərə meyllik keçir. Xəstəliyin əmələ gəlməsi orqanizmə təsir edən xarici və daxili amillərdən asılı olur. Hər bir kəs həmin mənfi qıcıqlardan, amillərdən özünü qorumalıdır.
Allergiyanın aktiv və passiv növləri ayırd edilir. Əksər hallarda allergik reaksiya orqanizmin aktiv iştirakı ilə, yəni allergenin bilavasitə bədənə daxil olmasına və ya orqanizmdə əmələ gəlməsinə cavab olaraq əmələ gəlir. Bu, aktiv allergiyadır. Passiv, transplantasiya edilmiş və ya köçürülmüş allergiya tərkibində allergik antitellər olan qanın və ya qan komponentlərinin (məsələn, qan və ya plazma köçürüldükdə), yaxud da əvvəllər allergiyalaşmış bir fərdin limfositlərinin orqanizmə daxil olması nəticəsində törənir.
Həm sürətli, həm də ləng gedişli allergik reaksiyaların patogenezində 3 mərhələ ayırd edilir:
1) immunogen və ya immun reaksiyalar mərhələsi;
2) patokimyəvi və ya patobiokimyəvi mərhələ;
3) patofizioloji və ya klinik əlamətlər mərhələsi. İmmun reaksiyalar mərhələsində orqanizmə daxil olan allergenə qarşı spesifik antitellər (əks-cisimlər) əmələ gəlir. Bu, orqanizmin həssaslığını yüksəldir — sensibilizasiya törədir. Orqanizm antigenin təkrar daxil olmasına allergik reaksiya ilə cavab vermək qabiliyyəti kəsb edir. Allergenin orqanizmə ilk dəfə daxil olan miqdarı (qramın yüzdə, mində biri qədər) sensibilizasiyaedici, təkrarən daxil olub, allergiya törədən miqdarı (birincidən təxminən 10 dəfə artıq) isə həlledici doza adlanır.
İnkişaf edəcək allergiya reaksiyasının növü allergenə qarşı sintez edilən antitelin xarakterindən asılıdır: humoral antitellər sürətli, xüsusi antitellərə və ya reseptorlara malik immun hüceyrələr (sensibilizasiyaya uğramış limfositlər) isə ləng gedişli allergik reaksiyanın əmələ gəlməsinə səbəb olur.
Allergik antitellər qan qlobulinlərinin formaca dəyişilmiş növünə oxşar olub, 2 əsas qrupa bölünür:
1. Fiksasiya olmuş (hüceyrə) antitellər — ləng tipli allergik reaksiyalarda iştirak edir.
2. Sərbəst (sirkulyasiya edən) antitellər — qanda və digər bioloji mayelərdə olub, sürətli allergik reaksiyalarda iştirak edir.
Sirkulyasiya edən sərbəst antitellərdən presipitasiya törədənləri serum xəstəliyində, anafilaktik şokda (insanda və heyvanlarda), dovşanlarda allergik iltihab zamanı (Artyus fenomeni), yumurta zülalına qarşı allergik reaksiyada və s. aşkar edilir. Presipitasiya törətməyənlərə reagentlər, blokada edən antitellər və s. aiddir. Reagentlər pollinozlar (ot qızdırması), atopik bronxial astma zamanı müşahidə edilir. Reagentlər adi seroloji reaksiyalarla (presipitasiya, komplementin birləşmə reaksiyası) aşkar edilməyib, ancaq sağlam dəridə passiv sensibilizasiya törətdiyi üçün sensibilizasiyaedici dəri antitelləri adlanır.
Sensibilizasiyaya uğramış orqanizmə təkrarən spesifik allergen daxil olduqda, antitellə allergen arasında fiziki-kimyəvi reaksiya gedir və yüksəkmolekullu allergen — antitel kompleksi əmələ gəlir. Bu komplekslərin yarandığı andan allergik reaksiyaların ikinci — patokimyəvi dəyişikliklər mərhələsi başlanır. Allergen — antitel kompleksləri toxumalarda fiksasiya olaraq, maddələr mübadiləsində bir sıra dəyişikliklər törədir. İlk növbədə toxumanın oksigeni mənimsəməsi fazalı surətdə pozulur (artır, sonra azalır). Orqanizmin komplement sisteminin, proteolitik və lipolitik fermentlərin aktivliyi artır ki, bu da müvafiq hüceyrələrin funksiyalarının dəyişilməsinə səbəb olur. Məsələn, birləşdirici toxumanın iri hüceyrələrinin, leykositlərin (xüsusən bazofillərin və neytrofillərin) parçalanması nəticəsində çoxlu miqdarda fizioloji aktiv maddələr azad olur.
Allergiya prosesinin sonrakı inkişafı və gələcək klinik mənzərəsi patokimyəvi mərhələdə hasil olan fizioloji və ya bioloji fəal maddələrin, yəni mediatorların xarakterindən asılıdır. Sürətli allergik reaksiyaların həmin mərhələsində əsasən histamin, seretonin, geparin, prostaqlandinlər, LTAM (ləng təsirli allergiya maddəsi) və s., ləng gedişli allergik reaksiyalarda limfokinlərin müxtəlif növləri (keçid amili, mitogen amillər, xemotaksis amili, limfotoksin, interferon və s.) xaric olur. Allergiya reaksiyalarının digər növlərində komplement, superoksid radikalları, lizosom fermentləri, kininlər, katexolaminlər və s. iştirak edir.
İmmunogen və patokimyəvi proseslərdən sonra allergik reaksiyanın patofizioloji dəyişikliklər mərhələsi başlanır. Həmin mərhələni orqanizmdə allergen-antitel komplekslərinin və bioloji fəal maddələrin təsirindən törənən funksional pozulmalar, hüceyrə, toxuma, orqanlarda və tam orqanizmdə törənən zədələnmələr xarakterizə edir ki, bunlar da allergik xəstəliklərin klinik əlamətlərinin əsasını təşkil edir.
Ayrı-ayrı hüceyrələrin allergik zədələnməsi qan elementlərində (eritrosit, leykosit, trombositlər), birləşdirici toxuma hüceyrələrində (histiositlərdə, tosqun hüceyrələrdə və s.) öyrənilmişdir. Allergiya zamanı zədələnmə sinir və saya əzələ liflərinə, ürək əzələsinə də yayıla bilər. Hər bir orqanın zədələnməyə cavab reaksiyası onun fizioloji xüsusiyyətlərindən asılıdır. Məsələn, sinir hüceyrəsi elektrik potensialı, saya əzələ — kontraktura, eritrositlər — hemolizlə cavab verir.
Allergik zədələnmə orqanizmdə sinir-humoral tənzimi pozur. Bir orqanda əmələ gələn zədələnmə digər orqanların və nəhayət, ümumi orqanizmin funksiyalarına təsir edir. Ümumiyyətlə, allergik reaksiyanın patofizioloji mərhələsi orqanizmin bütövlükdə cavab reaksiyasıdır, daha doğrusu, allergik xəstəlik və ya allergik sindrom dövrüdür.
Bu təsvir edilən mərhələlər həqiqi allergik reaksiyalara aiddir. Patogenezi allergen — antitel kompleksinin əmələ gəlməsi ilə əlaqədar olmayan patoloji hallar allergik proses hesab edilmir. Orqanizmin həssaslığının immunokompetent sistemlə əlaqədar olmadan yüksəldiyi hallar psevdoallergiya (yalan allergiya) adlanır. Beləliklə, həqiqi allergiyadan fərqli olaraq, psevdoallergiya zamanı birinci, yəni immunogen mərhələ olmur. Müasir təsəvvürlərə görə paraallergiya və heteroallergiya da yaranmasına və əlamətlərinə görə allergiyaya oxşayan, amma immunogen mərhələnin olmaması ilə fərqlənən reaksiyalardır.


Allergiyanın müəyyənləşdirilməsi. Xəstəliyin əlamətləri qırmızı ləkələr, düyüncüklər, sudurcuqlar və s. ola bilər. Səpgilərin başlanması, davametmə müddəti, artması xüsusiyyətləri böyük rol oynayır.
Allergik xəstəlikləri müəyyənləşdirmək üçün xəstənin mədə-bağırsaq orqanlarının vəziyyəti öyrənilməlidir. Onda qəbizliyin, ishalın, digər xronik mədə-bağırsaq xəstəliklərinin, arabir üşütmə-qızdırmanın, başağrısının, xronik lokal infeksion xəstəliklərin (xəstə diş, boğaz ağrısı, haymorit, rinit və s.) olması böyük əhəmiyyət kəsb edir. Onların müalicəsi aşağıdakı kimi aparılır:
1. Xəstəliyi törədən allergen aşkar edilir. Bunu xüsusi allerqoloji reaksiyalar vasitəsilə həkim edir.
2. Aşkar olunmuş allergen orqanizmdən kənar edilir. Bir daha həmin allergenlə təmasda olmaq məsləhət görülmür.
3. Hiposensibilizəedici müalicə, yəni xəstəliyi törədən allergenə qarşı orqanizmin həssaslığının azalmasını, zəifləməsini təmin edən müalicə.
Yuxarıda qeyd edildiyi kimi, gedişinə görə allergik reaksiyaların iki əsas növü ayırd edilir: sürətli allergik reaksiyalar, ləng gedişli allergik reaksiyalar.


Sürətli allergik reaksiyalar. Bunlara övrə, Kvinke ödemi, anafilaktik şok, pollinoz və bir çox digər xəstəliklər aiddir. Bunlar allergenin orqanizmə daxil olduğu andan bir neçə dəqiqə sonra özünü büruzə verir.
Övrə xalq arasında məxmərək kimi məlumdur. Xəstəlik allergen orqanizmə daxil olduqdan bir neçə dəqiqə və ya bir neçə saat sonra başlanır. Əsasən gövdə, qol və qıçların dəri səthində tək-tək səpgilər görünür. Bunlar mərciməkdən metro jetonu böyüklüyünə qədər olur. Səthi açıq qırmızı rəngdə olan səpgilər qaşınır. Bəzi yerlərdə onlar birləşərək, müxtəlif formalar alır. Qaşınma getdikcə şiddətlənir, suluqlar bütün bədəni tutur. Xəstəlik birdən-birə sakitləşir, qaşınma dayanır, suluqlar heç bir iz qoymadan keçir. Bir neçə saatdan və ya bir neçə gündən sonra müəyyən bir qidanın qəbulundan sonra xəstəliyin əlamətləri əvvəlki kimi şiddətlənir. Yenə çəkilir, yenidən baş verir. Beləliklə, xəstəni əsəbiləşdirir, yuxusuzluq ona əzab verir.
Dərman allergiyası nəticəsində bəzi şəxslərdə Kvinke ödemi də müşahidə olunur. Xəstəlik dərinin məhdud bir nahiyəsində (göz qapağında, dodaqda, yanaqda, dildə, qırtlaqda və başqa orqanlarda) nəhəng ödemin — şişkinliyin əmələ gəlməsi ilə xarakterizə olunur.
Övrə və Kvinke ödemi ilə xəstələnən şəxslər həkim nəzarəti altında müalicə olunmalıdırlar. Mədə-bağırsaq təcili təmizlənməlidir, 2-3 günlük aclıqla müalicə yaxşı nəticə verir. Həmin günlərdə xəstə yemək yemir, mineral su və açıq rəngli çay içə bilər. Allergenlər orqanizmdən çıxarıldıqdan sonra xəstələr qıcıqlandırıcı olmayan qidalar qəbul etməyə başlayırlar. Lakin belə xəstəliklər tez-tez qayıda bilər. Ona görə də xəstəliklər orqanizmin uzunmüddətli möhkəmləndirilməsi istiqamətində müalicə edilməlidir.
Anafilaksiya (yunanca ana — inkar bildirən önşəkilçi; filaksis — müdafiə) bədənə parenteral yolla yeridilmiş hər hansı yad zülala (anafilaktogen) qarşı orqanizmdə əmələ gələn yüksəlmiş həssaslıq vəziyyəti olub, sürətli allergik reaksiyalara aiddir.
Anafilaksiyanı ilk dəfə fransız alimləri Portye və Rişe (1902) itlər üzərində, Q.P.Saxarov (1905) dəniz donuzlarında müşahidə etmişlər. 1912-ci ildə A.M.Bezredka bu reaksiyanı anafilaktik şok adlandırmışdır. Anafilaksiya reaksiyası ümumi (anafilaktik şok) və yerli (Overi fenomeni və s.) ola bilər. İnsanda və bütün istiqanlı heyvanlarda müşahidə edilən anafilaksiyanın inkişafında 3 mərhələ ayırd edilir:
1) sensibilizasiya;
2) şok (həlledici mərhələ);
3) desensibilizasiya.
Eksperimentdə anafilaktik şok çox vaxt dəniz donuzlarında yaradılır. Aktiv sensibilizasiya törətmək üçün heyvanın dərisi altına 10-6ml-dək sağlam at qanı serumu yeridilir. 10-14 gündən sonra onun orqanizminin allergenə qarşı həssaslığı ən yüksək səviyyəyə çatır (at serumunun antigenlərinə qarşı antitellər əmələ gəlir). Passiv sensibilizasiya sağlam dəniz donuzunun qan dövranına aktiv sensibilizasiya törədilmiş başqa bir heyvanın qan serumunu yeritməklə əmələ gətirilir. Bu halda dəniz donuzunda yüksək həssaslıq xeyli tez (1 — 24 saatdan sonra) yaranır.
Anafilaksiyanın ikinci mərhələsi sensibilizasiya olunmuş heyvana antigenin (anafilaktogenin) həlledici dozasını (sensibilizasiyaedici dozadan 10 dəfə yüksək) yeritməklə əmələ gətirilir. Dəniz donuzunda həlledici dozanı yeritdikdən 30-60 saniyə sonra şokun ilk əlamətləri aşkar olur: heyvan narahat olur, tükləri pırpızlaşır, burnunu və gözlərini cırmaqlayır, təngnəfəslik, qıclıq, qeyri-iradi sidik və nəcis ifrazı müşahidə edilir. Heyvan getdikcə müvazinətini itirir, yanı üstə yıxılır, təngnəfəslik artır. İnyeksiyadan 5-10 dəqiqə sonra tənəffüs mərkəzinin iflicindən ölür.
Anafilaktik şokdan ölmüş dəniz donuzunu yardıqda, emfizem ocaqları, ağciyərlərin atelektazı, həmçinin ürəkdə, qaraciyərdə, dalaqda qan durğunluğu müşahidə edilir.
İtlərdə anafilaktik şok zamanı xüsusən portal qan dövranı pozulur, qaraciyərdə, bağırsaq damarlarında durğunluq müşahidə edilir. Odur ki, şok damar çatışmazlığı ilə gedir və çox az hallarda ölümlə nəticələnir.
Dovşanlarda anafilaktik şokun patogenezində əsas yeri kiçik dövranda qan durğunluğu tutur ki, bu da ağciyər ödeminə və sağ ürəyin çatışmazlığına səbəb olur.
Siçan və siçovullarda anafilaktik şok çətin əmələ gəlir; sensibilizasiya törətmək üçün əlavə təsirlər tətbiq etmək lazım gəlir. Məsələn, adrenalektomiya sensibilizasiyanı asanlaşdırır. Bu heyvanlarda şok kapillyar keçiriciliyinin və tənəffüsün pozulması ilə təzahür edir; onlar tənəffüs mərkəzinin iflicindən ölürlər. Təşrih zamanı bağırsaqlarda qansızma müşahidə edilir.
Meymunlarda anafilaktik şok törətmək həmişə mümkün olmamış, ancaq onların bəzi növlərində (məsələn, Macacus Rhesus) anafilaktik şok və Artyus fenomeni alınmışdır. Anafilaktik şok zamanı meymunlarda tənəffüs çatışmazlığı və kollaps müşahidə edilir.
İnsanda anafilaktik şok ən təhlükəli allergik reaksiyadır. Şok zamanı bronxlarda spazm nəticəsində ağciyərlərin ventilyasiyası pozulur, arterial təzyiq enir, bədən temperaturu düşür, pulsasiya edən başağrısı, qulaqlarda küy, qaşınma müşahidə edilir, asfiksiya inkişaf edir. Müxtəlif xəstələrdə anafilaktik şok əlamətlərinə və gedişinə görə fərqlənir. Anafilaktogen orqanizmə daxil olduqdan sonra şokun əlamətləri nə qədər tez başlanırsa, gedişi bir o qədər ağır olur. 3-10 dəqiqə ərzində başlanan şok daha ağır keçir və təcili yardım göstərilmədikdə, ölümə səbəb olur.
Anafilaktik şokdan sonra sağ qalmış orqanizm anafilaktogenə qarşı həssaslığını itirir və yenidən anafilaktogen yeridilsə, reaksiya müşahidə olunmur. Deməli, orqanizmdə desensibilizasiya halı yaranır. Bu hal, məsələn, insan orqanizmində 2-3 həftə davam edib, sonra yenidən sensibilizasiya ilə əvəz olunur.
Anafilaksiyanın xarakterik yerli təzahürünə Artyus və Overi fenomenləri aiddir.
Dovşanın dərisi altına 0,5 — 1 ml at serumu yeridilsə, bu yad zülal inyeksiya yerində heç bir nəzərə çarpan iz qalmadan sorular. Həmin dozada at serumu 5-6 günlük fasilələrlə təkrar yeridildikdə isə onun sorulması çətinləşir və iltihab törənir. İnyeksiya sahəsində hiperemiya, şişkinlik, leykositlərin emiqrasiyası müşahidə edilir. 4-5 inyeksiyadan sonra intensiv nekrozlaşmış iltihab reaksiyası dərini və dərialtı toxumanı əhatə edir. Bu, Artyus fenomeni adlanır. Artyus fenomeni sürətli və ləng gedişli allergik reaksiyaların əsas əlamətlərini özündə birləşdirən qarışıq tipli reaksiya olub, onun inkişafında presipitasiyaedici antitellər mühüm rol oynayır. Qanda presipitinlərin miqdarını müəyyən səviyyəyədək artırmaqla daxili orqanlarda da Artyus fenomeni tipli reaksiya almaq olar.
Overi fenomeni və ya sürətli dəri anafilaksiya reaksiyası dəniz donuzlarında əmələ gələn ümumi anafilaksiyanın yerli əlamətidir. Həmin reaksiyanı 2 formada törətmək mümkündür:
1) aktiv dəri anafilaksiyası;
2) passiv dəri anafilaksiyası.
Aktiv dəri anafilaksiyası almaq üçün sensibilizasiya olmuş dəniz donuzunun dərisinə allergen (yumurta ağı) yeridilir. İnyeksiya nahiyəsində allergen — antitel reaksiyası ilə əlaqədar kapillyarların keçiriciliyi yüksəlir. Bunu aşkar etmək üçün qana tripan və ya Evans abısı yeridirlər və 3 — 4 dəqiqədən sonra inyeksiya nahiyəsi intensiv surətdə boyanır.
Passiv dəri anafilaksiyası almaq üçün sağlam dəniz donuzunun qanına hazır antitellər, yəni sensibilizasiya edilmiş digər heyvanın qan serumu yeridilməlidir. Antitellər bir sutka ərzində dəridə və digər toxumalarda fiksə olunur. Bundan sonra dəniz donuzunun dərisinə allergen və qanına Evans abısı yeritməklə yerli dəri anafilaksiyası aşkar edilir.


Ləng gedişli allergik xəstəliklər. Bu xəstəliklərə bakterial allergiya, kontakt dermatiti, toksik-allergik dermatit, neyrodermit, transplantatın ayrılma reaksiyası və s. aiddir. Bu qrup xəstəliklər spesifik allergenin orqanizmə daxil olduğu andan bir neçə həftə sonra özünü büruzə verir. Xəstəlik dəridə, xüsusilə üzdə, əllərin üstündə məhdud bir nahiyədə əmələ gələn qızartı, şişkinlik, xırda düyüncüklər, sudurcuqlar, yerli qaşınma ilə başlanır. Peşə ilə bağlı kimyəvi maddələrlə kontaktdan baş verdiyi üçün belə xəstəlikləri allergik kontakt dermatiti adlandırmışlar. Xəstəlik tezliklə sağalır və yenidən qayıtma ehtimalı olduğundan, xəstələnmiş şəxs həmin işdən başqa işə keçirilməli və ya allergiya törədən kimyəvi maddə ilə təması dayandırmalıdır.
Allergik kontakt dermatiti ev şəraitində paltaryuyan tozlarla, həşəratlarla mübarizə vasitələri, məişətdə işlədilən digər kimyəvi maddələrlə təmas zamanı da baş verir. Bəzən allergik kontakt dermatiti kosmetik maddələrlə təmasda olduqda, xüsusən kosmetik maddələrdən həddindən artıq istifadə etdikdə də baş verir. Çünki onların hamısı kimyəvi maddə olub, xarici qıcıqlandırıcıdır. Ona görə də kosmetik maddələrdən necə gəldi, uzun müddət istifadə etmək məsləhət deyildir. Onlardan yerində, lazım gəldikdə qısamüddətli (məclis və mərasimlərdə) istifadə edilməsi allergiyanın əsas profilaktikasındandır.
Toksik allergik dermatit. Toksik allergik dermatitlərin səbəbi olan allergenlər orqanizmə, əsas etibarilə, qidalanma yolları vasitəsilə daxil olur.
Allergik reaksiya zamanı qan damarlarının zədələnmə dərəcəsindən asılı olaraq, müxtəlif allergik xəstəliklər əmələ gəlir.
Ekzema. Ekzema hazırda ən geniş yayılmış dəri xəstəliklərindən olub, bəzi formalarında allergik komponentlərin əhəmiyyəti vardır. Ekzema anadan olandan qocalana qədər bütün yaşlarda, həm kişilərdə, həm də qadınlarda eyni dərəcədə təsadüf olunur.
Ekzema dərinin səthi qatlarının zədələnməsi ilə aşkar olur. Dəri səpir, qızarır, bir qədər şişir, orada xırda düyüncüklər və sudurcuqlar görünür. Çox keçmədən sudurcuqlar deşilir və həmin yerdə sulanma əmələ gəlir. Sulanma tezliklə quruyur və zədələnmə nahiyəsində nazik qartmaq əmələ gətirir. Qartmaqlar quruyub töküləndən sonra ekzemanın yerində normal dəri əmələ gəlir. Ekzema nahiyəsində daim qaşınma müşahidə olunur.
Psixi sarsıntılar, mənfi emosiyalar və bunun nəticəsində yuxusuzluq, ruhi düşkünlük, mənəvi sarsıntılar ekzemanın baş verməsində və xronik ekzemanın kəskinləşməsində böyük rol oynayır.
Kəskin ekzemanın eritemalı, düyüncüklü, sudurcuqlu stadiyaları tezliklə bir-birini əvəz edir. Bəzən bir neçə saat və ya bir neçə gün müddətində birinci üç stadiya da keçib gedir, sulanma əmələ gəlir.
Sonra tədricən, bəzən də çox tezliklə qaşınma azalır. Kəskin iltihab halları çəkilir, qartmaqlar tökülür, zədələnmə nahiyəsində dəri normallaşır. Qalmış piqment ləkələri tezliklə sorulur.
Düzgün müalicə nəticəsində kəskin ekzema, əsas etibarilə sağalmaqla qurtarır. Müalicəsiz qaldıqda və ya düzgün müalicə edilmədikdə, xronik hala keçir.


Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100