Disbakterioz
Mədə və onikibarmaq bağırsağın selikli qişasının daimi “sakinlərini“ əsasən qram mənfi mikroflora təşkil edir. Həzm traktının distal hissəsi bu mikroorqanizmlərlə xüsusilə zəngindir. Bu mikroorqanizmlər bağırsağın normal mikroflorasını təşkil edirlər. Normal mikroflora dedikdə isə insan sağlamlığının qorunması üçün vacib olan, özündə biokimyəvi, metobolik və immun tarazlığı saxlayan, ayrı-ayrı orqan və sistemlərin müxtəlif mikroblarının kəmiyyət və keyfiyyəti nəzərdə tutulur. Məlumdur ki, yenidoğulmuşların mədə-bağırsaq traktı steril hesab olunur. Doğuşdan bir neçə saat sonra streptokokk və bağırsaq çöpləri (E.Coli) ştamının “məskunlaşması” qeyd edilir. Bir sutka müddətində anaerob laktobasillər və enterokokklar, təqribən onuncu gündən etibarən bakteroidlərin sürətlə çoxalması, bir ay sonra isə stabil və eyni zamanda individual mikrobiosenozun formalaşması müşahidə olunur. Beləliklə yoğun bağırsaqlarda rezident mikroorqanizmlər 17 ailə, 45 cins və 500 növdə cəmləşmişlər. Belə ki, 1 qr nəcisdə 1011 bakteriyaya rast gəlinir. Bu da bağırsaq möhtəviyyatının quru kütləsinin 30% ni təşkil edir. Orta yaşlı insanda normal mikroflora say tərkibi ilə:
Bifidobakteriya 109 – 1010
Laktobakteriya 107 – 108
Bakteroid 109 – 1010
Enterokokk 105 – 108
E.Coli 107 – 108
E.Coli (laktozoneqativ) < 105
Bağırsağın normal mikroflorası tərkibində obliqat (əsas mikroflora) və fakultativ (saprofit və şərti patogen) mikroorqanizmləri cəmləyir. Obliqat mikrofloraya: Bifidobakteriya, laktobakteriya, E.Coli, Bakteroid, Peptostreptokokk, Enterokokk və s. aiddir. Fakultativ floraya: Anaerob kokk, stafilokokk, streptokokk, basillər, fuzobakteriya və s. aiddir.
Normal mikroflora orqanizm üçün xüsusi əhəmiyyət kəsb edən bir çox funksiyaları özündə birləşdirir.
- Rezistentlik – Sitokinin-stimuləedici aktivlik də daxil olmaqla immun sistemin aktivliyi.
- Detoksikasion – Zülal, lipid, karbohidrat, histamin metobolizmi məhsullarının hidrolizi.
- Sintetik – Vitamin(vit K, pantoten turşusu, B qrupu vitaminlər, fol turşusu və s.) hormon, aminturşu, zülal sintez etmək.
- Qidalandırıcı – Mədə-bağırsaq traktı fizioloji aktivliyinin güclənməsi.
Insan orqanizminin mikrob ekologiyasının (xüsusilə də bağırsaqların) disbalansı, daha doğrusu normal və atipik mikroflora arasında tarazlığın pozulması ilə müşayət olunan kəmiyyət və keyfiyyət dəyişiklikləri disbakterioz adlanır. Disbakteriozu müasir koloproktologiyanın geniş yayılan problemi hesab etmək olar. Belə ki, 90% hallarda yaşlılarda, 95% hallarda isə uşaqlarda bu xəstəliyə rast gəlinir. Disbakterioz əsasən nazik və yoğun bağırsaqlarda qeyd edilir.
Nazik bağırsaq disbakteriozu sərbəst nazoloji forma kimi deyil, yalnız hər hansı bir xəstəliyin fonunda meydana gəlir.
- Ağır xəstəliklər (mədənin hipo və axloridiyası, bağırsaq keçməməzliyi, xroniki pankreatit və s.) intoksikasiya, qeyri rasional qidalanma, immun sistemdə baş verən hər hansı dəyişiklik və s.
- Axiliya və ileosekal klapanın funksiyasının patalogiyaları zamanı mikroorqanizmlərin nazik bağırsağa izafi şəkildə daxil olması baş verir. Nazik bağırsaqda mikrobların poliferasiyasının yüksəlməsi sidik turşusunun vaxtından əvvəl dekonyuqasiyasına və onun nəcis vasitəsilə itirilməsinə səbəb olur. Bu isə yoğun bağırsağın motorikasını gücləndirir, diareya və steatoreyaya gətirib çıxarır. Sidik turşusu defisiti yağda həll olan vitaminlərin sorulmasını pozur və sidik daşının meydana çıxmasına zəmin yaradır.
Bundan başqa bakterial toksinlər və metobolitlər (məs: fenol, biogen aminlər) B 12 ilə birləşə bilirlər. Bir çox mikroorqanizmlər sitotoksik təsir göstərirlər və nazik bağırsağın epitelisini zədələyirlər. Bu isə xovların hündürlüyünün azalmasına və kriptlərin məhfinə səbəb olur. Elektron mikroskopu vasitəsilə mikroxovların, mitoxondrilərin, endoplazmatik şəbəkənin degenerasiyası müşahidə edilir. Yoğun bağırsağın disbakteriozu-normal mikrofloranın müxtəlif səbəblərindən: orqanizmin müdafiə qüvvələrinin zəifləməsindən (ekstremal klimatogeoqrafik şərait,biosferin kimyəvi maddələrlə çirklənməsi), həzm traktı xəstəlikləri, qeyri düzgün qidalanma nəticəsində, o cümlədən yaterogen faktorların ( antibiotiklər, sulfanilamid preparatları, immunodepressantlar, steroid hormonlar, rentgenoterapiya və s) təsirilə baş verə bilər.
Yenidoğulmuşlarda isə aşağıdakı səbəblərdən meydana gələ bilər:
- Anada mastit və bakterial vaginoz.
- Ananın körpəni gec əmizdirməsi.
- Bağırsağın motor funksiyasının fizioloji “yetişməməsi”
Disbakteriozun simptomları: 4 əsas əlamət müşahidə edilir; ishal, steatoreya, çəki azlığı, anemiya. Bunlardan əlavə iştahanın azalması, ağızda xoşagəlməz dad hissiyatı, ürəkbulanma, qarında köp və s. qeyd edilir. Xüsusi ağır hallarda sepsis və ya bağırsağın xora xəstəliyi meydana çıxa bilər.
1991-ci ildə K.S.Ladodo və İ.B.Kuvaeva disbakteriozun kliniki mərhələlərinin təsnifatını vermişlər. I – Disbiozun latent fazası – bağırsaqlarda disfunksiya müşahidə olunmur. Orqanizmin reaksiyası praktik olaraq normaldır. II – İkinci faza – Bağırsaq çöplərinin kəmiyyət və keyfiyyət disbalansı baş verir.Bağırsaq mikrobiosenozunun qoruyucu komponentlərinin defisiti fonunda stafilokokk, protey,Candida cinsli göbələklərin artması baş verir.Xəstədə ürəkbulanma qeyd edilir.Nəcis yaşılımtıl,pis qoxulu olur. III – Aerob floranın aqresiya fazası – Qızılı stafilokokklar, protey, hemolitik enterokkoklar say etibarilə on milyona qədər artır. Nəcis duru olur. Xəstənin iştahası azalır. IV – Assosiativ disbioz fazası – Bağırsaq mikrobiosenozunda dərin dəyişikliklər müşahidə olunur,toksik metobolitlərin toplanması baş verir. Bədən çəkisinin azalması müşahidə edilir. Nəcis duru, selikli, bəzən qanlı və pis qoxulu olur.
Disbakteriozun nəticəsi:
- Orqan və sistemlərdə xəstəliklər:
- Yoğun bağırsağın xərçəngi.
- Fiziki vəziyyətdə bir çox xoşagəlməz hallar:
- Hətta qida qəbulundan sonra belə aclıq hissiyatı.
- Ağızda xoşagəlməz dad hissiyatı.
- Saçların tökülməsi və dırnaqlarda deformasiya.
- Ürək-damar sisteminin işində qüsurlar.
- Dərinin hamarlığının pozulması.
- Ümumi zəiflik və başgicəllənməsi.
- Psixi vəziyyətdə də bəzi hallar baş verir:
- Səhərlər yuxudan qəfil oyanmaq.
- Səbəbsiz qorxu və narahatlıq hissiyatı.
Disbakteriozun profilaktikası: Əsasən alkoqol qəbulu dayandırmaq, xroniki stress faktorlardan uzaq olmaq, qidalanma rejiminə nəzarət etmək və s.aiddir. Əsasən də süd və südturşulu məhsulların qəbulu məsləhət görülür. Bundan əlavə digər profilaktik qaydalara əməl etmək lazımdır; antibiotik və digər preparatların rasional qəbulu, infeksiyaların (əsasən də cinsi yolla ötürülən və bağırsaq infeksiyalarının) vaxtlı vaxtında müalicəsi, düzgün qidalanma və s. www.pcr.az |